Xəbər lenti

Siyasət 11:30 27.08.2014

Anar Məmmədli Havel mükafatına namizəd oldu

Azərbaycanın insan haqları fəalı Anar Məmmədli 2014-cü il üzrə Vatslav Havel İnsan Hüquqları Mükafatına 3 namizəddən biridir. 

Mükafatın qalibi bu 3 namizəd arasından seçiləcək. 

Həmin 3 namizəd isə 56 namizəd arasından seçilib.    

“Azadlıq” radiosunun məlumatına görə, finala çıxan namizədlərin adları avqustun 26-da Çexiya paytaxtı Praqada keçirilən toplantıda müəyyənləşib. Digər iki namizəd İsrailin “Btselem” təşkilatı (israillilərin və fələstinlilərin hüquqlarını müdafiə edir) və beynəlxalq İezuit (Jesuit) Qaçqın Xidmətinin (sığınacaq axtaranların hüquqlarını müdafiə edir) Malta filialıdır.

Mükafatın qalibi sentyabrın 28-də müəyyənləşəcək, bir gün sonra isə onun adı elan olunacaq. Mükafatın məbləği 79 min ABŞ dollarıdır.

Vatslav Havel İnsan Hüquqları Mükafatı ikinci ildir verilir. Məqsəd insan hüquqlarını müdafiə fəaliyyətini qiymətləndirməkdir. Ötən il mükafat Belarusdan olan hüquq müdafiəçisi Ales Byalyatskiyə verilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ötən il dekabrın 17-də həbs olunub. Baş Prokurorluq Anar Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. 

Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Bir sıra beynəlxalq qurumlar Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?