Xəbər lenti

“Aqrolizinq” şimal-qərb bölgəsində fermerlərə 2199 ədəd kənd təsərrüfatı texnikası verib
Foto 18:08 24.09.2018

“Aqrolizinq” şimal-qərb bölgəsində fermerlərə 2199 ədəd kənd təsərrüfatı texnikası verib

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) fəaliyyətə başladığı gündən indiyədək Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan istifadəçilərə lizinq yolu ilə ümumi dəyəri 39 milyon 211 min manat olan 2199 ədəd kənd təsərrüfatı texnikası verib. Bu texnikalar üçün tətbiq olunan güzəştin ümumi məbləği isə 11 milyon 644 min manat təşkil edib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu faktlar "Aqrolizinq” ASC tərəfindən reallaşdırılan "Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində sentyabrın 22-də Şəki şəhərində keçirilən görüşdə səsləndirilib. Tədbirdə Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən fermer və sahibkarlar iştirak ediblər.

Tədbirin əvvəlində Səhmdar Cəmiyyətin daxili nəzarət və təhlil şöbəsinin müdiri Elmin Rəhmanov çıxış edərək, layihənin mahiyyəti, məqsəd və vəzifələri barədə məlumat verib. Bildirilib ki, bu, regionlarda təşkil edilən sayca dördüncü görüşdür. Layihənin əsas məqsədi "Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlığın, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara Cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək, həlli istiqamətində addımların atılmasından ibarətdir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılan "Aqrolizinq” ASC 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Cəmiyyət dövlətin aqrar siyasətinin tərkib hissəsi olan aqrotexniki xidmətlərin göstərilməsi və kənd təsərrüfatı təyinatlı texnika və avadanlığın lizinqə verilməsi sahəsində fəaliyyət göstərir.

Tədbirdə çıxış edən "Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların lizinqi şöbəsinin müdiri İlyas Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında istifadəçilərə, fermerlərə, fiziki və hüquqi şəxslərə texnikaların lizinqə verilməsi Nazirlər Kabinetinin 2004-cü ildə qəbul etdiyi Qərarla tənzimlənir. Bu qərarda lizinq qaydaları müəyyən edilib və Səhmdar Cəmiyyət lizinqə texnika və texnoloji avadanlığın verilməsi ilə bağlı fəaliyyətinin əsas hissəsini məhz həmin qaydalara uyğun olaraq həyata keçirir.

Diqqətə çatdırılıb ki, bundan əlavə, aqrar sahəyə dövlət dəstəyi çərçivəsində atılan daha bir addım 2014-cü ildə qəbul edilən kənd təsərrüfatı texnikalarına 40 faiz güzəştin tətbiq edilməsi ilə bağlı qərardır. Həmin qərara əsasən, texnikanın dəyərinin 20 faizi ödənildiyi təqdirdə 40 faiz güzəşt tətbiq edilir. Bütün bu qərar və qaydalar Azərbaycanda kənd təsərrüfatının inkişafına, fermerlərin daha intensiv və müasir texnologiyalardan istifadə etməklə aqrar sahədə məşğul olmasına, məhsuldarlığın artırılmasına xidmət edir.

Sonra tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

İşgüzar şəraitdə keçən görüşün sonunda vətəndaşlara səyyar xidmət çərçivəsində güzəşt müqavilələri təqdim olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->