ARDNŞ prezidenti Əfqanıstanın nümayəndə heyətini qəbul edib.
Sentyabrın 4-də ARDNŞ-nin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayevlə Əfqanıstan İslam Respublikasının mineral ehtiyatlar və neft naziri Vahidullah Şahraninin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Əfqanıstan nümayəndə heyətinin üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. Azərbaycanın qədim neft diyarı olduğunu, sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını və neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini vurğulayan ARDNŞ prezidenti əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda Dövlət Neft Şirkətinin rolu, Şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında qonaqlara ətraflı məlumat verib.
Görüş üçün təşəkkürünü bildirən Əfqanıstan İslam Respublikasının mineral ehtiyatlar və neft naziri Vahidullah Şahrani son illərdə Azərbaycanın yüksək templərlə sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını söyləmiş, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulamış, ölkəmizin enerji sektorunun avanqardı olan ARDNŞ-nin artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını qeyd edib. Başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini ARDNŞ-nin prezidentinə təqdim edən nazir Azərbaycana səfərləri çərçivəsində bir sıra dövlət qurumlarında görüşlər keçirdiklərini və dərin təəssürat qazandıqlarını nəzərə çatdırmışdır. Daha sonra böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətə başladığını bildirən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, ARDNŞ ilə Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb.
Azərbaycanın uzun əsrlər boyu dünyanın neft akademiyası hesab olunduğunu diqqətə çatdıran Rövnəq Abdullayev ölkəmizdə Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırladaraq, ötən ildən ARDNŞ-nin nəzdində dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edən Bakı Ali Neft Məktəbinin fəaliyyətə başladığını qeyd etmiş və həmin ənənənin davamı olaraq gələn tədris ilindən əfqanıstanlı gənclərin bu ali Məktəbdə beynəlxalq standartlar səviyyəsində yüksək təhsil almasına şərait yaradılacağını söyləyib. O, həmçinin dost ölkənin neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qaynar.info
Şərhlər