Siyasət 10:43 16.09.2021

Artıq Ermənistan heç kimə lazım deyil: İtirən tərəf İran olacaq (ŞƏRH)

"İran tərəfi fikirləşməlidir ki, bu məsələdə itirən tərəf özü olacaq. Artıq Ermənistan heç kimə lazım deyil. İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elman Vəliyev deyib. O bildirib ki, Ermənistan kompromisə getməyin ən əlverişli yol olduğunu başa düşür:

"Türkiyə və Azərbaycan qüvvələrinin Laçında birgə hərbi təlimi və sonra Türkiyə, Pakistan və Azərbaycan qüvvələrinin birgə təlimləri bəziləri üçün narahatlıq yaradır. İran tərəfi Ermənistana Gorus-Qafan magistralı vasitəsilə yüklər daşıyır. Azərbaycan tərəfi İrana bu barədə nota verib, lakin İran buna baxmayaraq, yükdaşımalarına davam elədi. İranla Ermənistan arasındakı əlaqələr İkinci Qarabağ müharibəsindən sonra bir xeyli məhdudlaşıb. Azərbaycan tərəfi Gorus-Qafan yolunda başlanğıc olaraq nəzarət postları təşkil edib. Bu marşrut xətti tam nəzarətə götürülsə, Ermənistan 3 tərəfdən blokadada qalacaq. Azərbaycan tərəfi də bunu etməklə çalışır ki, Ermənistan vəziyyəti tez anlaya bilsin və sülhə yaxın gəlsin. Ermənistanın belə bir situasiyada alternativləri məhdudur. Özü də yaxşı başa düşür ki, kompromisə getmək ən əlverişli yoldur. Amma fikirləşir ki, digər çıxış yolları tapaq (hədə-qorxu gəlməklə, digər dövlətlərdən yardım istəməklə), əgər alınmazsa, razılaşmaqdan başqa əlac yoxdur. Həmçinin ehtiyatı da əldən vermək istəmir. Fikirləşir ki, açıq şəkildə Azərbaycanın dediklərini yerinə yetirsəm, yenə xalqla hakimiyyət arasında ixtilaf düşəcək. Amma buna baxmayaraq, 3 tərəfli bəyanatın icrası yerinə yetiriləcək. Ermənistan tərəfi anklavları məcbur geri qaytaracaq”.

Elman Vəliyev İranın bu tip propoqandalı siyasətinə qarşı mütləq şəkildə adekvat cavablar veriləcəyinə əminliyini bildirib:
 


"Verilməlidir də, çünki bu, gələcəkdə İranın özbaşınalıqlarına səbəb ola bilər. Öncə yenə də nota verilməli, sonra İran səfirliyi XİN-ə çağrılmalıdır. İran tərəfi fikirləşməlidir ki, bu məsələdə itirən tərəf özü olacaq. Artıq Ermənistan heç kimə lazım deyil. İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq. Zənn edirəm ki, İran bunun fərqindədir. İran tərəfinin bu məsələ ilə bağlı özünü sığortalamaq  xarakterli cavab verəcəyinə əminəm (yanlış anlaşma olub, bizim məqsədimiz ticarətdir, biz Azərbaycanla yaxın münasibətlərə malikik və s. tipli)”.

Politoloqun fikrincə, başqa maraqlı və təhlükəli məqam İranın bu yük maşınlarının sürücülərini cənub soydaşlarımzdan təşkil etməsidir:

"İran bunu etməklə iki tərəf arasına nifaq toxumları səpir. Yəni şimaldakılar baxsınlar ki, cənubdakılar ermənilərə dəstək olurlar. Halbuki biz müharibədə qələbə qazananada Araz boyu yerlərdə soydaşlarımız necə sevinirdilər”.

Politoloq Xankəndi ilə bağlı məsələyə də toxunub:

"Bir başqa məqamı da qeyd edəsi olsaq, bu, Xankəndi ilə bağlı olacaq. Xankəndidə insanlara pasport verilməsi ilə bağlı narahatlıqlar yaranıb. Ermənistan tərəfi Xankəndini "Artsax” adlandırdıqları qondarma respublikanın tərkibində sayır. Rəsmən isə bu "respublika” mövcud deyil. Rəsmən mövcud olmayan bir respubliknın pasportunu da sakinlərə vermək düzgün sayılmaz. Xankəndi Azərbaycan ərazisi olduğu üçün Ermənistan pasportu da vermək olmur. Əvvəllər pasportlarına Ermənistan vətəndaşı yazılırdı. Yaşadığı yeri də Ermənitan ərazisi kimi göstərirdilər. Bunların xəyallarından keçən o idi ki, qondarma respiblika rəsmən tanınsın və buradkıların pasportlarına "Artsax” vətəndaşı yazılsın. Amma bu, elə xülya olaraq da qaldı. İkinci Qarabağ savaşından sonra vəziyyət tamamilə dəyişdi. Artıq zaman keçdikcə həmin ərazilərdə yaşayan sakinlərin pasportuna Azərbaycan vətəndaşı yazılacaq”.

Xəyal Abdullayev