Həsən Kərimov: “Heç kim bu məsələdən narahat olmasın, AXCP zamanı gözləyir”
“Kütləvi tədbirlərdən heç vaxt çəkinməmişik. Bizim Gənclər Komitəsinin İctimai Palatadakı çıxışından da göründüyü kimi AXCP kimlərlə əməkdaşlıq etməyindən asılı olmayaraq həm İP-lə, həm də müstəqil gənclər təşkilatları tərəfindən təşkil edilən mitinqlərdə aktiv iştirak edib”.
Bunu Qaynar.info-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov Müsavat başqanı İsa Qəmbərin İctimai Palatanın (İP) sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.
H.Kərimovun sözlərinə görə, Əli Kərimlinin namizədliyini çoxları tələb edir: “Amma Əli Kərimlinin mövqeyi müxalifətin geniş inteqrasiyasına nail olmaq, seçki mühitinin demokratikləşdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi uğrunda mübarizədən ibarətdir. Biz bu məsələdə səylərimizi göstərib, sonra namizədlik məsələsinə baxarıq. Müəyyən yozumlar da edirlər ki, guya Əli Kərimli seçkiləri boykot edəcək və ya kimlərisə dəstəkləyəcək. AXCP-nin namizədi Əli Kərimlidir, biz zamanında namizədimizi verəcəyik. Heç kim bu məsələdən narahat olmasın, AXCP zamanı gözləyir. Bilirsiniz ki, rayonlarda təşkilatlanma işləri ilə məşğuluq. Yəni bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
AXCP funksioneri bəzilərinin “İsa Qəmbər prezident seçkilərində Əli Kərimliyə dəstək verməlidir” fikrinə də münasibət bildirib: “Bu məsələyə münasibətimi bildirə bilmərəm. Mən partiyanın əsas funksionerlərindən biriyəm. İstəmirəm ki, ayrı-ayrı partiyalar arasında narazılıqlar yaransın. Müxalifətin geniş koalisiyası kimi müdafiə edəcəksə, kim ictimai rəydə daha böyük reytinqə malikdirsə, həmin şəxs müxalifətin vahid namizədi olacaq”.
Şərhlər