Cəlil Cavanşir

Blogger
Yazılar
6
AYB təqaüd saxtakarlığına bu il də davam edəcəkmi?

AYB təqaüd saxtakarlığına bu il də davam edəcəkmi?

Cəlil Cavanşir

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən artıq 12-ci idir ki, bir il müddətində 50 nəfər yaşlı yazıçıya 300, 20 nəfər gənc yazıçıya isə 200 manat həcmində xüsusi təqaüd verilir.

Prezidentin eyni gündə imzaladığı 2024 və 2025 nömrəli sərəncamlarla Rəssamlar və Bəstəkarlar İttifaqlarının üzvlərinə də təqaüd verilir.

İllərdir bu barədə müzakirələr getsə də, prezidentin xüsusi təqaüdü ilə bağlı məsələ hələ də mübahisəlidir. Bir neçə məqama təkrar nəzər salmağı vacib hesab edirəm.

1. Gəlin ondan başlayaq ki, bu ölkədə AYB, ARİ, ABİ kimi birbaşa dövlətə bağlı olan qurumların üzvü olmayan, amma ciddi yaradıcılıqla məşğul olan yüzlərlə insan var. Amma nə sirri xudadırsa, prezidentin xüsusi təqaüdü sadəcə bu yaradıcı təşkilatların üzvlərinə şamil olunub. 

Bu açıq aydın diskriminasiyadır.

Əcəba, ölkənin prezidenti sərəncam verərkən nə üçün bu incə məqamı nəzərə almayıb?

Sizcə AYB, ARİ, ABİ üzvü olmayanlar bu ölkənin vətəndaşı deyilmi?

Nə üçün mənim vergilərimlə hansısa istedadsız yazıçıya, şairə, rəssama, bəstəkara sadəcə bu ittifaqların üzvü olduğu üçün təqaüd verilməlidir və bu istedadsızlar mənim ödədiyim verginin hesabına bir il kef etməlidir?

2. Proses şəffaf deyil. Ən azı AYB bu işi şəffaf şəkildə həyata keçirmir. Yəni, ötən 11 ildə prezidentin xüsusi təqaüdünü alan şəxslərin siyahısı ictimaiyyətə açıqlanmayıb.(Böyük ehtimalla bu il də, açıqlanmayacaq) Hər il siyahıların dəyişməsini nəzərə alsaq, deməli bu ilə qədər təxminən 770 nəfər prezidentin xüsusi təqaüdünü alıb. Bu isə təxminən 209 000 manat dövlət vəsaiti deməkdir. Deməli, sadəcə vətəndaşların vergiləri ilə 770 nəfər naməlum insan təqaüd alır. (Hər il 5-10 nəfərin adı cəmiyyətə məlum olsa da, əksəriyyəti naməlumdur.)

Mən birbaşa ölkə prezidentindən bir vətəndaş kimi soruşmaq istəyirəm, nə üçün mənim dövlətə ödədiyim vergidən naməlum adamlara təqaüd verilir?

3. AYB-nin apardığı yarıtmaz siyasət nəticəsində hər il, onlarla istedadsız adamı tapıb AYB-yə üzv edib təqüd verirlər. AYB sədrinə, katiblərə və digər məsul vəzifələrdə çalışan şəxslərin yaxın qohum-əqrəbasına, məmur-yazıçıların, məmur-şairlərin katibələrinə, tapşırdıqları şəxslərə təqüd verilir. Prezidentin sərəncamına əsasən bu təqaüd onların yaradıcılıq fəaliyyətini təmin etmək üçün verilir. 770 nəfəri qoyaq bir kənara AYB 77 nəfər yazıçı və şairin son 11 ildə yaradıcılığı ilə bağlı qazandığı uğurları sadalaya bilərmi? 15 ildir ki, ədəbi mətbuatı yaxından izləyirəm. Mətbuatda çap olunan imzaları aşağı-yuxarı tanıyıram. AYB rəhbərliyində olan ixtiyari məsul şəxs mediaya bu 770 nəfərin fəaliyyəti ilə bağlı açıqlama verə bilərmi? Hardadır xalqın vergisi ilə təqaüd alan bu 770 nəfər yazıçı və şair?

4. AYB-nin 1500-dən artıq üzvü var. Bunların bir qismi, AYB-də, müxtəlif mətbu orqanlarda, dövlət qrumarında, hətta nazirliklərdə çalışır. Yəni, bu yazıçı və şairlrin konkret olaraq xüsusi təqaüdə ehtiyacı yoxdur. 1500 üzvdən ciddi ədəbi fəaliyyətlə məşğul olan heç 100 nəfər də tapa bilməzsiniz. Ölkədə ədəbiyyatın vəziyyəti hər kəsə məlumdur. AYB rəsmiləri 770 nəfərdən ciddi, beynəlxalq ədəbi uğuru olan heç olmasa 77 nəfərin siyahısını mətbuata verə bilərmi? Hardadır bizim vergimizlə təqüd alan istedad saahibləri?

5. Dəfələrlə şəxsən mən bu məsələni qabartdığım üçün təhdid olunmuşam. Hətta işlədiyim mətbu orqanların rəhbərlərinə "yuxarıdan” zənglər olub, işimi itirmək təhlükəsi ilə üz-üzə qalmışam. Bu ədalətsizlik və anarxiyanın sona çatması üçün, susmamışam. Mənim üçün maraqlıdır ki, bu özbaşınalıq nə vaxta qədər davam edəcək?

6. Bu müddət ərzində təqaüd alan təxminən 770 nəfərin heç olmasa 500-600 kitabı çıxmalı idi, AYB rəsmiləri təqaüdçülərin nəinki 70 ciddi kitabını heç 70 ciddi yaradıcılıq nümunəsini ortalığa çıxara bilməyib. Əgər varsa bu 70 ciddi nümunəni, kitabı açıqlasınlar.

Bir daha və yenidən AYB rəsmilərindən, Mədəniyyət Nazirliyindən, birbaşa ölkə rəhbərliyindən soruşuram:

1. 11 il ərzində xüsusi təqaüd alan şəxslər kimlərdir və onlar hansı yaradıcı fəaliyyətlə məşğuldurlar?

2. Nə üçün AYB-nin üzvü olmayan və ciddi ədəbi fəaliyyətlə məşğul olan şəxslərə bu təqaüd şamil olunmur?

3. Qohum-qardaşına, övladlarına, yaxın dostlarına təqüd "düzüb-qoşan” yazıçı və şairlərə niyə göz yumulur?

4. Ədəbiyyatla məşğul olan insanlarda vicdan hissinin tamamən öldüyünə inanmadığım üçün soruşmaq istəyirəm, AYB rəsmiləri özləri bu prosesdən məmnundurlarmı?

5. Heç olmasa bir nəfər AYB rəsmisi təqaüd aldıqdan sonra hətta bədii ədəbiyyat oxumayan şəxslərə görə vicdan əzabı çəkirmi?

6. Bu il təqaüd alacaq 70 nəfərin siyahısı ictimaiyyətə açıqlanacaqmı?

P.S. Konkret və birmənalı şəkildə bildirirəm ki, bu günə qədər təqaüd almaq arzusunda olmamışam və bundan sonra da belə bir iddiam yoxdur. Məni sadəcə ədalət və hazırki məqamda ədəbiyyatımızın və yaradıcı insanlarımızın gələcəyi maraqlandırır. Bu məsələnin ictimailəşdirilməsini bütün vicdanlı qələm adamlarından tələb edirəm!



OXŞAR XƏBƏRLƏR