Xəbər lenti

Aydın Talıbzadə 60 il
Sənət 12:13 05.10.2018

Aydın Talıbzadə 60 il

Aydın Talıbzadəni bir alim, bir yaradıcı şəxsiyyət kimi çox yüksək qiymətləndirirəm. O yazdıqları ilə, dedikləri ilə Azərbaycan mədəniyyətşünaslıq müstəvisində özünəməxsus görkəmli bir yer tutur. Mən onu böyük könül xoşluğu ilə 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzu edirəm.


Kamal Abdulla

Əlində xalis qızıl qələm tutmuş əziz tələbəm, həmkarım, dostum Aydın Talıbzadəni mübarək 60 yaşı münasibətilə təbrik edirəm. Aydın Talıbzadə milli teatrşünaslıq elminin qeyri-klassik mərhələsinin ən parlaq nümayəndəsidir. Tələbəlik dövründən bu günə qədər yazdıqlarını təhlil etsək, Aydının nümunəsində küll halında milli teatr düşüncəsinin evolyusiyası haqqında dəqiq fikir yürüdə bilirik. Mən onu yaşadığımız dövrün az sayda rast gəlinən "universitet zəkası” (intibah dövrünə məxsus ifadədir) hesab edirəm. Aydının yazıları sənətkarlar tərəfindən "qarışıq iplik”dən toxunan səhnə toxumalarının rişələri qədim qərinələrə gedib çıxan məna, işarə, qat və kodlarını alimanə tərzdə ifadə edilən relyefli fikir və düşüncə müstəvisində təqdim edir. Bu professional, intellektual, bədii və elmi təfəkkürü sərgiləyən mükəmməl mətnləri oxuyarkən "bravo!” deyib qışqırmaqdan özümü saxlaya bilmir və bənzərsiz fikir axınına heyran qalıram. Bu mətndəki fikrin enerjisi, fikrin temperamenti, fikrin cazibəsi, konsentrasiyası güclü təsirə malikdir. Düşünürəm ki, belə güclü "fikir seli” yalnız millli teatr düşüncəsi çərçivəsinə sığa bilmədiyi üçün aşıb-daşır, sərhədsizləşir…

Bəli, bu gün Aydın Talıbzadə sərhədsiz, intəhasız alim təfəkkürünün daşıyıcısıdır, güclü fikir partiturasının müəllifidir. O, gözəlim Azərbaycanın, onun teatr, muğam, aşıq, xalça və s. ölməz sənətlərinin bilicisidir, vurğunudur, aşırı emosional tamaşıçıdır, aşırı sərt, virtuoz "amansız tənqidçi”dir, Şərqin aşiqidir.

Aydın özünü "qəddarlıqla” təşkil etməkdən, yapmaqdan, yaratmaqdan, durmadan çalışmaqdan usanmayan milli ziyalıdır, "çıraq”dır, tələbələrinin öyrənc yeridir…

…O, düşüncəsinin, alim əqidəsinin, şəxsiyyətinin masştabı ilə seçilmişlərin sırasındadır. Mətnlərindəki mozaik konstruksiya da elə onun yüksək professionallığını sərgiləyən düşüncə axınının ifadəsidir. Onu da deyim ki, Aydının parlaq zəkası yaxın keçmişimizdə ölməz rejissorumuz Vaqif İbrahimoğlunun Tədris və Yuğ Teatrında hər axşam bizə verdiyi "intellekt ziyafətləri”ndə parladı.

Şəksiz ki, Aydın Talıbzadə humanitar sahənin görkəmli mütəfəkkiri kimi Azərbaycan mədəniyyətində və elmində parlaq təzahür faktıdır. Konsentrə olunmuş hiss və fikirlərinin qaynağından yaranan yazılarında görürük ki, onu mənəviyyata, rituala, sehrə, açılmamış əbədi sirlərə, mistikaya, metafizikaya üz tutan əlahəzrət teatr durmadan cəlb edir. O, məhz belə teatrın sirlərini açmağa yönəlmişdir. Yolun uğurlu olsun, əziz dost!


Məryəm Əlizadə

Aydın Talıbzadə adı, mənimcə, çağdaş Azərbaycanı, Azərbaycan hüsnünü, estetikasını, təkrarsızlığını eyhamlayan ən mübhəm ünvanlardan biridir. Bu adın sorağına çıxıb, 1980-lərdən bugünə çağdaş dünyaya yazılası (yazılmış!) bütöv bir mənzərə gözəlliklərə açılmaq olar. Necə ki, Azərbaycan xalçası, – hansı ilməsi, naxışı, təsviri, butasının necə, nə vaxt, nə məqamda, nəyin bahasına başa gəldiyi bir sirr olsa da, – valeh edir, eləcə.

Ömür bayramın mübarək, Aydın Talıbzadə!


Tehran Əlişanoğlu

Aydın Talıbzadə ömrünü adına həsr edib, ömrü boyu aydınlığa can atıb, AYDIN olmağa, adına sadiq qalmağa çalışıb. Və sadiq qalıb da. Ol səbəbdən Aydın olan yerdə həmişə AYDINLIQ olub.
Aydın Talıbzadə otuz ildən çoxdur ki, öz əsərləri ilə milli sənətşünaslığımıza naxış vurur. Burada naxış sözü heç də təşbeh və ya mübaliğə deyil, sözün birbaşa məna yükünü daşıyır. Çün Aydın müəllimin istər hər hansı yazısı, istərsə də kitabı olsun, zərgər işinə bənzəyir. Aydın Talıbzadə yaradıcılığının məxsusi cəhəti ondadır ki, o, ona doğma olan teatrla yanaşı, sənət adında olan hər nədən yaza bilir və yazır. Bu mənada, onun əsərləri yalnız teatrşünaslığımız üçün deyil, bütövlükdə milli sənətşünaslığımız, fəlsəfi-kulturoloji fikrimiz üçün böyük çəkiyə malikdir.
Bəzən deyirlər ki, filankəs filan sahənin ağır artilleriyasıdır. Yox, Aydın Talıbzadə Azərbaycan teatrşünaslığının ağır artilleriyası deyil. O, teatrşünaslığımızın snayperidir. Elə mövzular var ki, yalnız onun nişangahına tuş gələ bilər.


Vidadi Qafarov

Bizim sənət mühiti üçün Aydın Talıbzadə müstəsna hadisədir. Çünki Talıbzadə fikir müstəvisinə, ideya qatına çıxmış tək-tək alimlərdəndir. Onun üçün Yazı vicdan məsələsi olduğu qədər də zövq məsələsidir (Hətta yazı prosesinin zövq verməsi də bir vicdan məsələsidir). Ona görə də teatrşünaslıq obyekti təhlil-tədqiq edən sonrakı mərhələ yox, ayrıca bir yaradıcılıqdır. Ki, işin mahiyyəti elə bundadır. Yəni, Aydın müəllimə dəyər vermək kiminsə işi deyil. O dəyəri üstündə, özündə olan alimdir. 15 ilə yaxın ünsiyyətdə olduğum (fərq etməz danışanda, kitabını, məqaləsini oxuyanda və ya məktub yazanda) əziz adama can sağlığı arzulayıram. Bu ünsiyyətin şəxsən mənə həmişə bir dayaq olduğunu (müxtəlif qatlarda) bildirirəm. Və bu ünsiyyətə görə təşəkkür edirəm.


Aliyə Dadaşova

İnsanoğlu əzəldən sevgisini izhar etməkdə çətinlik çəkib, yəqin, ol səbəbdəndir ki, doğum günlərini özəl günə çevirib. Amma və lakin mənim deyəcəklərim özəl günə xas səmimiyyətdən daha dərindədir. Ki… "çöhrəsindən nur yağır” ifadəsinin nə anlama gəldiyini ilk dəfə Aydın müəllimi görəndə dərk elədim. Mənə görə, bu gün sənət aləmində, iynə ucu boyda işıq varsa, məhz bu adamın sayəsindədir, onun yazılarının sayəsindədir. Seçdiyim peşənin gələcəyi barədə bədgüman olduğum zamanlarda, teatr sənətinin Hamletin məşhur ifadəsilə üz-üzə qaldığı hər bir məqamda "Aydın Talıbzadə” imzası bir ümid, bir işartı olur. Özünüzdən xəbərsiz bəxş etdiyiniz bu ümidə, bu işığa görə var olun, İŞIQLI ADAM.  Qoruyun özünüzü…


Könül Əliyeva-Cəfərova

Mənbə: teatro.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->