Hüseynbala Səlimov
Dünya 10:35 24.09.2021

Azadlıqdan qaçan ruslar...

Hüseynbala Səlimov

Bəli, Rusiyada növbəti parlament seçkiləri başa çatdı. Hətta rəsmi nəticələr də elan olunub.

Amma analitiklər və politoloqlar sonuncu parlament seçkilərinin ən müxtəlif aspektlərini müzakirə etməkdə israrlıdırlar. Prinsipcə, hər seçki bu və ya digər ölkənin siyasi gercəkliyinin ayrı-ayrı detallarını təhlil etmək üçün yaxşıca fürsətdir. Amma məsələ bunda deyil. Ondadır ki, Rusiyada növbəti dəfə hakim partiya qalib gəldi.   
 
Təsadüfdürmü? Rusiyaya tətbiqən bunun bir təsadüf olduğunu fikirləşmirik. Adətən qeyri-demokratik ölkələrdə belə olur –seçkiləri həmişə hakimiyyətdə olan siyasi qüvvələr "udur”.

Oxucu bizimlə razılaşmaya bilər. O, ABŞ-ın ikipartiyalı sistemini və yaxud da, məsələn, Yaponiyadakı Liberal–Demokrat Partiyasının on illərlə seçkiləri udmasını misal gətirə bilər.

Bütün bunlarla razıyıq. ABŞ-da demokratlar və respublikaçılar uzun müddətdir ki, əsl siyasi uzun ömürlülərdir. Eyni sözləri Yaponiyanın Liberal Partiaysı haqqında da demək olar. Amma təəssüf ki, bunu Rusiyanın haqqında demək olmur.

Biz təkrarən qeyd edirik ki, Moskva və Peterburq kimi böyük şəhərlərdə güman ki, demokratik seçkilər keçirilir, amma bunu Rusiyanın əyalətləri və milli federasiya subyektləri haqqında söyləmək çətindir. 

Bundan başqa, hələ seçkilərə qədər sönük siyasi reklamlarda yalnız mövcud siyasi konfiqurasiya hallanırdı, hətta ilkin sosioloji sorğular belə onların qalib gələcəyini göstərirdi. Amma yerli politoloqlardan demək olar ki, heç kim demirdi ki, Rusiyada seçkilərə qarşı başqa tədbirlər də görülmüşdü ki, "fors-major situasiya”lar baş verməsin: məsələn, ictimai–siyasi fəal Aleksey Navalnı həbs olunmuşdu.

Prinsipcə, demokratik ölkələr şərt qoya bilərdi ki, onlar seçkinin nəticələrini tanımayacaqlar, əgər Navalnı kimi fəallar azad olmasa. Di gəl, bunu etmədilər...
Yadımıza gəlir ki, hələ ötən əsrin səksəninci illərinin sonunda amerikalı politoloq Frensis Fukuyama liberal dəyərlərin birdəfəlik qələbəsindən yazırdı. Amma, təəssüf, çox az adam o vaxt bilirdi ki, demokratiyanın yolu bu qədər uzun və çətin olacaq. Əgər Rusiyanı götürsək, başqa vaxt onlar qədim Novqoroddakı demokratiyadan danışırlar. Müsasir dövrdən söz düşəndə isə bu adamlar ən müxtəlif "anlayışlar” fikirləşirlər: hansısa "suveren demokratiya”dan danışırlar, guya bu ona görə vacibdir ki, Qərb dəyərləri "kopirovka” olunmasın, ölkənin içinə müdaxilələr baş verməsin. Gah da demokratiyaya alternativ kimi effektiv dövlətçilikdən dəm vururlar.

Ona görə də çox az adam Rusiyada demokratik seçkilərin baş tutmasına inanır. Elə parlamentarizm də Rusiya üçün yeni anlayışdır. Ötən əsrin əvvəllərində müxtəlif çağırışlı Dumalar olmuşdu, amma onların heç biri fəaliyyətini qanuni zaman çərçivələrində başa vura bilməmiş, çarın əmrilə buraxılmışdılar. 

İndi yeni Dumalar konstitusiyada nəzərdə tutulan zaman çərçivələrində fəaliyyət göstərirlər, heç kim onları buraxmır. Amma onlar sırf qanunverici orqan kimi fəaliyyət göstərir. Di gəl, burada çox güman ki, icra hakimiyyətinin müdaxilələri olmadan da keçinilmir.

Burada təbii sual yaranır: nə qədər belə davam edəcək? Axı Navalnı kimi bütün siyasi opponentləri həbsə atmaq mümkün deyil! Rusiyalı politoloqlar hərdən növbəti yenidənqurma haqqında yazır və danışırlar. Biz bunun nə qədər gercək olub-olmayacağını deyə bilmərik. Amma Rusiya azad ölkə deyil. Odur ki, dəyişikliklər labüddür. Onların dəqiq vaxtını hələ ki, fala baxan nənələr deyə bilər. Bir məsələ var ki, hər şey azadlığın artmasına və genişlənməsinə doğru gedir və bu baxımdan azadlığa və demokratiyaya alternativ yoxdur. Bəzən cəmiyyətlər və ayrı-ayrı fərdlər demokratiyaya, azadlığa və insan haqlarına soyuq yanaşır. Amma bu, heç də əbədi hadisə və proses deyil. Bunu ilk dəfə təsvir və təhlil edən filosof və psixoloq K.Yunq olmuşdu və o buna "azadlıqdan qaçış” adını vermişdi. Fəqət insanlar müvəqqəti olaraq azadlıqdan soyuya və hətta ondan bədgüman ola bilər. Amma bir müddətdən sonra onlar yenə də bu anlayışlara qayıdırlar, çünki bunların real və dayanıqlı alternativi yoxdur...