“Rövşən Almuradlı istedadlı rejissordur, çox gözəl tamaşalar hazırlayır. Bir məsələdə haqlıdır ki, işlədiyi müddətdə onun kimi rejissorun iki tamaşanı səhnələşdirməsinə şərait yaratmaq azdır.
İsmayıl Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” tamaşası, ikincisi də “Yaşlı xanımın gəlişi”... Halbuki onun həmyaşıdları onlarla əsərə quruluş verib”. Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz deyib. R. Novruz deyib ki, “İblis” tamaşası üçün R. Almuradlıya vəd verilsədə, sonda bu söz olaraq qalıb: “Rövşən müəllim düz deyir, çoxdan “İblis” tamaşasını səhnələşdirmək istəyir və bunu teatrın rəhbərliyinə təklif edib. “Səhra yuxuları”nı da deyib, amma alınmayıb. “İblis”i səhnələşdirmək onun çoxdankı arzusudur. Ona bununla bağlı söz də verilmişdi”.
R. Novruz əlavə edib ki, bu miqyaslı əsərin səhnələşdirilməsi dövlət sifarişi ilə reallaşa bilər. “Teatrda Rövşən Almuradlıya qarşı olan qadağaların arxasında nə dayanır?” sualına aktyorun cavabı belə olub: “Rövşən müəllim həssas olduğundan bunu özünə qarşı sayğısızlıq kimi qəbul edir. Mən düşünmürəm ki, teatrlarda ona yer yoxdur. Onun quruluş verdiyi əsərlərə tamaşaçılar daima kassadan bilet alır və hər dəfə anşlaqla keçir. “Yaşlı xanımın gəlişi” teatrın ən baxılan və sevilən tamaşalarımızdan biridir. Mən özüm də həmin tamaşada oyanıram. Doğrusu, inanmıram ki, Rövşən Almuradlıya qarşı ciddi bir kampaniya var. Rövşən həm də tələbə yoldaşımdır. Onun xarakterində bir az çılğınlıq, həssaslıq var. Bir məsələ alınmayanda, yaxud da uzananda onda çılğınıq yaranır”.
Qeyd edək ki, R. Almuradlı AzNews.az-a açıqlamasında ona nəinki Bakıda, hətta əyalət teatrlarında da iş verilmədiyini deyib.
Qaynar.info
Şərhlər