Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Qaynarinfo xəbər verir ki, Azərbaycan prezidentinin və Belarus prezidentinin Birgə Bəyanatını İlham Əliyev və Aleksandr Lukaşenko imzalayıblar.
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan imzalayıblar.
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planı”nı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenko imzalayıblar.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzalayıblar.
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı nazirinin müavini Vladimir Qrakun imzalayıblar.
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və Belarusun Məhkəmə Ekspertizası Dövlət Komitəsinin sədri Andrey Şved imzalayıblar.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Belarusun baş prokuroru Aleksandr Konyuk imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzalayıblar.
Sənədlərin imzalanmasından sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi olub. Azərbaycanın və Belarusun dövlət başçıları markaları xüsusi ştamplarla möhürləyiblər.
İlham Əliyev və Aleksandr Lukaşenko üzərində marka olan zərfi imzalayıblar.
Şərhlər