Siyasət 16:59 29.11.2021

Azərbaycan bir sıra dairələr üçün yenidən kəşf olunmağa başlanılıb (ŞƏRH)

"İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən digər tədbirlər kimi, Aşqabadda olan son tədbir də ilk növbədə göstərdi ki, Azərbaycan regional və beynəlxalq formatlarda yürütdüyü siyasətdə dəqiq xarici siyasət kursuna malikdir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) fəal iştirakı, burada təmsil olunan dövlətlərlə səmərəli əməkdaşlıq qurmasından danışarkən deyib:

"Bölgə dövlətlərinin son illər həyata keçirdiyi əsas strategiyalara müqayisəli şəkildə baxaq. Gürcüstan fəal şəkildə NATO və Avropa İttifaqına üzv olmaq yoluna başlayıb. Tiflisin Rusiya ilə düşmənçiliyi də faktiki olaraq əsasən bununla bağlıdır. Ukrayna da Gürcüstan kimi anoloji yolu tutub. Lakin nəticə etibarı ilə bütün bunlar Azərbaycanı sabit xarici siyasət kursundan döndərmədi. Bakı NATO ilə fəal əlaqə qurub. Qurumun modern hərbi proqramları, strateji plan və təlimlərindən bəhrələnməyə çalışmışıq. Digər tərəfdən isə, bunu qətiyyən bölgə dövlətlərinin mənafelərinə qarşı çevirmədik. Bu da düzgün addımdır”. 
 


Deputat bildirir ki, son bir həftə ərzində Azərbaycanın İƏT də daxil müxtəlif platformalarda atdığı addımlar geniş dairələrin diqqət mərkəzinə çevrilib:

"Ölkəmizin xarici siyasətində həmçinin iqtisadi məsələlər öndədir. Yəni yalnız mədəni bağlar, siyasi əlaqələr seçildiyi təqdirdə, xalqın köklü niyyətlərini qoruyub saxlamaq mümkün olmayacaq. Ölkəmizin İƏT-in toplantısında iştirakı Soçi danışıqlarından sonraya təsadüf edib. Ona görə də bir həftədir ki, Azərbaycanın bu platformalarda atdığı addımlar geniş dairələrdə təhlil edilir. Əslində Vətən müharibəsindən sonra Azərbaycan bir sıra dairələr üçün yenidən kəşf olunmağa başlanılıb. Azərbaycanın rolu qəbul olunur, dəyərləndirilir və ona adekvat addımlar da atılır”.

Həmsöhbətimizin fikrincə, İƏT-in Aşqabad sammitində ölkəmizin 44 günlük müharibədə qələbəsinə qiymət verilməsi çox önəmli hadisə oldu: 

"Azərbaycan üçün önəmlisi qələbəmizin beynəlxalq legitimliyinin qəbuludur. Müxtəlif dövlətlər gizli və ya açıq şəkildə məsələyə ehtiyatlı və neytral mövqedən yanaşsalar da, tərəfdarlarımızın getdikcə daha da çoxaldığını görürük. İƏT ölkələri mühüm resurslara malikdir. Tranzit, kommunikasiya, yük daşımaları, logistik əlaqələr önəm daşıyır. Türkmənistanla qaz məsələsində əldə olunan razılıq onu göstərir ki, Azərbaycanın ixracatçı ölkə olmasına rəğmən, digər tərəfdən, alternativ bazarları da öyrənir. Azərbaycan Türkiyə vasitəsilə dünyaya çıxışını yalnız enerji resursları üzərindən qurmur. Təkcə Türkiyənin müxtəlif sahələrinə 20 milayrd dollardan artıq investisiya qoymuşuq. 

Azərbaycan üçün ən vacibi neftdən asılılığı azaldıb, digər alternativlərdən istifadəni güclənidrməkdən ibarətdir. Bu baxımdan Qərbdə və ya şərqdə yerləşməsindən asılı olmayaraq hər bir ölkə Azərbaycan üçün önəmlidir. İdxaldan asılılığı azaltmalıyıq. Ona görə də bu sayaq görüşlərdə hər zaman ölkəmizin, xalqımızın manafeyi baxımından əsas məsələləri qaldırırır. Bu baxımdan Azərbaycanın İƏT-dəki fəaliyyətini də yüksək qiymətləndirməliyik”. 

Rüfət Sultan