Xəbər lenti

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi - Ermənistanla bağlı
Siyasət 16:56 08.12.2019

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi - Ermənistanla bağlı

Dekabrın 9-da BMT-nin mənzil-qərargahında Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın qəbul edilməsinin 71-ci ildönümü, həmçinin Beynəlxalq soyqırımı cinayətinin qurbanlarının xatirəsinə ehtiram və bu cinayətin qarşısının alınması günü ilə əlaqədar tədbirlər keçiriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Baş katibi Antonio Quterreşə rəsmi məktub ünvanlayıb.

Diplomat BMT rəhbərinə müraciətində yazır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən və Birləşmiş Millətlər Təşkilatına daxil olandan sonra onun qoşulduğu ilk beynəlxalq müqavilələrdən biri Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyadır. Y.Əliyevin sözlərinə görə, bu Konvensiyanın hamılıqla ratifikasiya edilməsi beynəlxalq birliyin soyqırımı cinayətinin kökünün kəsilməsinə hamının tərəfdar olmasını göstərən mühüm addım olar. Y.Əliyev əhalinin soyqırımıdan, hərbi cinayətlərdən, etnik təmizləmədən və insanlıq əleyhinə cinayətlərdən qorunması üzrə milli və beynəlxalq səylərin təbliğində soyqırımının qarşısının alınması və "müdafiəyə görə məsuliyyət” konsepsiyası üzrə BMT mandatının əhəmiyyətini vurğulayıb.

Məktubda daha sonra deyilir ki, Azərbaycan soyqırımının dəhşətli bəla olmasını öz təcrübəsinə əsasən bilir. Hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Həmin gün 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olmuş minlərlə dinc azərbaycanlının xatirəsi ehtiramla yad edilir.

1980-ci illərin axırlarında Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibədə beynəlxalq humanitar hüququn hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və soyqırımı aktlarına bərabər tutulan ciddi pozuntularına yol verilib. Bu gün də davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlərin, qəsəbələrin və kəndlərin dağılmasına gətirib çıxarıb; minlərlə insan itkin düşüb; Azərbaycanın işğal edilmiş bütün ərazilərində 1 milyondan çox azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb.

Bu münaqişənin mövcud olduğu bütün dövr ərzində ən kütləvi qətllər 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilib. Erməni silahlı qüvvələrinin hücumu və şəhəri işğal etməsi nəticəsində yüzlərlə azərbaycanlı sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürülüb, yaralanıb və ya girov götürülüb, şəhər isə viran edilib. Xocalıda törədilmiş qəddarlığın dərəcəsi insanı şoka salır: altı ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib; 56 kişi diri-diri yandırılıb, onların başının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, digər işgəncələrə məruz qalıblar; hamilə qadınların qarnı avtomat süngüləri ilə deşilib.

Azərbaycanlı diplomat vurğulayır ki, beynəlxalq birlik Xocalıda və Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərində baş vermiş hadisələr barədə düşünməlidir. Azərbaycana qarşı təcavüzün gedişində törədilmiş dəhşətli cinayətlərə görə Yerevanın məsuliyyət daşımasını inadkarlıqla inkar etməsi beynəlxalq hüquqa və insan hüquqlarına meydan oxumaq, möhkəm sülhə və həqiqi barışığa doğru aparan yolda birbaşa maneədir.

Bu illər ərzində institusional fəaliyyətlə yanaşı, beynəlxalq norma və standartlar da xeyli inkişaf edib. Buna baxmayaraq, mülki şəxslər silahlı münaqişə nəticəsində hələ də zərər çəkməkdə davam edirlər. Cəzasızlığa qarşı səmərəli mübarizə üçün zəruri olan digər mühüm tədbirlər sırasında bunu da yəqin etmək vacibdir ki, sülhün bərqərar olmasına yönəlmiş səylər və preventiv diplomatiya cinayətə görə cavabdehliyin təmin edilməsinə şərait yaradır və heç bir halda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və etnik təmizləmələr kimi beynəlxalq hüququn çox kobud şəkildə pozulması, qanunsuz olaraq qüvvə tətbiq edilməsi nəticəsində yaranan şəraitin saxlanmasına imkan vermir.

Bundan əlavə, xüsusi qeyd etmək lazımdır ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya İkinci Dünya müharibəsi zamanı mülki əhaliyə qarşı geniş yayılmış vəhşicəsinə cinayətlərə cavab olaraq qəbul edilib. Buna baxmayaraq, bəzi ölkələrdə, o cümlədən özlərini insan haqlarının müdafiəsinin və soyqırımının qarşısının alınması proqramının qızğın tərəfdarları kimi təqdim etməyə çalışan ölkələrdə nasistlərin və onların əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi hallarına hələ də rast gəlinir. Bu cür həyasızcasına riyakarlıq qəbuledilməzdir və İkinci Dünya müharibəsi dövründə istibdaddan və müstəmləkəçilikdən azad olmaq uğrunda bütün dünyada canlarından keçmiş milyonlarla insanın xatirəsinə dərin hörmətsizlik əlamətidir.

Yaşar Əliyev sonda həmin məktubun gündəliyin 31, 32, 37, 68, 75, 83 və 130-cu bəndləri üzrə Baş Assambleyanın və Təhlükəsizlik Şurasını sənədləri kimi yayılmasını xahiş edir.

Xatırladaq ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) qətnaməsi ilə Parisdə qəbul edilib. 1951-ci il yanvarın 12-də qüvvəyə minmiş bu Konvensiya "soyqırımı” anlayışının insanlığa qarşı ən ağır cinayət kimi beynəlxalq hüquqi statusunu müəyyən edir və onu hüquqi tərifini verir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->