Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Qaynarinfo xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib - 6:1. O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb.
Bununla da Abbasov ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bürünc medal uğruna görüşdə Ermənistan təmsilçisi Artur Şahinyana məğlubiyyətin əvəzini çıxıb. Yarımfinalda onun rəqibi belaruslu Nikolay Stadub olacaq.
Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulub.
Şərhlər