Siyasət 11:36 21.04.2021

Azərbaycan KTMT və ya Avrasiya İqtisadi Birliyinin üzvü olacaqmı?..

Hüseynbala Səlimov

Şayiələr necə və niyə yaranır – güman ki, sosioloqların və sosial psixoloqların bununla bağlı nəzəriyyələri, ən azı məxsusi izahatları var.
Amma akademik biliklərsiz də aydındır ki, şayiələr ən azı müəyyən missiya həyata keçrirlər – onların köməyilə ictimai və siyasi mövqelərin özünəməxsus zondu aparılır, yəni müəyyən dairələr onlardan istifadə etməklə insanların bu və ya başqa məsələlərə münasibətini öyrənirlər.
Bu baxımdan Azərbaycanın Rusiyanın müxtəlif inteqrativ layihələrinə münasibıəti də istisna deyil. KTMT və Avrasiya İqtisadi Birliyi yaranan andan şimal qonşumuzun rəhbərləri qəti gizlətmirlər ki, onlar Bakını da bu təşkilatların üzvləri sırasında görmək istərdilər.

Odur ki, Azərbaycanın guya bu təşkilatlara üzv olacağı haqqında və yaxud da onların strukturunda müşahidəçi dövlət statusu alacağı haqda müxtəlif şaiyələr dolaşır. Xüsusən də Dağlıq Qarabağ məsələsində pozitiv irəliləyişlər daim belə şaiyələrlə müşayiət olunur ki, Moskvanın güzəştlərinə Bakı da müvafiq güzəştlərlə cavab verəcəkdir. Ona görə də heç də təsadüfi deyil ki, Azərbaycanın İkinci Dağlıq Qarabağ müharibəsindəki qələbəsindən sonra şaiyələr dolaşmağa başladı ki, Moskva bunda dayanmayacaq, yəni təkcə öz sülhməramlılarını bölgəyə yerləşdirməklə məhdudlaşmayacaq, bunun ardınca Bakının KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv olması başlayacaqdır.

Qeyd edək ki, rəsmi Bakının bu cür hipotezlərə münasibəti yetərincə diplomatikdir – belə deyim var ki, dplomat heç vaxt birmənalı şəkildə "yox” demir. Bundan başqa, bu və ya digər suallara cavabı siyasətçilərin və ya diplomatların sözlərində və ya bəyanatlarında axtarmaq lazım deyil, hərəkətlərində aramaq lazımdır. Rəsmi Bakının hərəkətlərisə bunun əksini deyir: belə ki, hazırda Bakı ilə Ankara arasında sıx-intensiv inteqrasiya müşahidə olunur. Moskva tərəfindən bu prosesə müxtəlif yanaşmalar sezilir.

Birincisi, Moskva da artıq barışıb ki, Ankara Cənubi Qafqazda var və o bu geosiyasi arealda bir reallıqdır. 

İkincisi, Moskvada başa düşürlər ki, Bakı ilə Ankaranın arasını vurmağa çalışmaq, onlar arasında ziddiyyətlər yaratmaq faydasız bir məşğuliyyətdir. 
Üçüncüsü, Moskvanı hələ də belə ümidlər tərk etmir ki, Qərblə münasibətlərdəki ziddiyyətlər Ankaranı da gec-tez qarşı geosiyasi düşərgəyə keçməyə vadar edəcək. 

Güman oxucumuzun da yadındadır: bu son illərdə rusiyalı politoloqlar hansı bəyanatlarla çıxış etmirdilər? Deyirdilər ki, guya Türkiyə tezliklə NATO-nu tərk edəcək, ən azı KTMT-də və yaxud da Avrasiya İqtisadi Birliyində "müşahidəçi dövlət” statusu alacaq!

Amma nəinki təcrübəli politoloqlar, hətta ciddi oxucu heç vaxt belə sözlərə inanmaz və indi də inanmır. Azərbaycan özü üçün çox əlverişli və faydalı geosiyasi konfiqurasiya seçib. Qoşulmama Hərəkatının üzvləri İkinci Qarabağ Savaşı zamanı BMT-də Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsinin qarşısını aldılar və təkcə bu fakt bir daha belə deməyə əsas verir ki, Bakının hərbi-siyasi seçimi çox optimaldır və onun maraqlarına cavab verir. Təxminən 120 dövlət və BMT-dən sonra ən çox üzvlü struktur – bəli, Qoşulama Hərəkatı bu deməkdir!

Sırf hərbi əməkdaşlığa gəldikdə isə, Ankara ilə əməkdaşlıq, bu ölkənin hərbi qurumları ilə sistematik hərbi təlimlər və Türkiyənin hərbi quruculuq təcrübəsinin öyrənilib tətbiq edilməsi – düşünürük ki, Bakının milli və hərbi maraqlarına bunlar ən çox cavab verən səylərdir.

Bakı Qoşulmama hərəkatında qalmaqla Moskvanın da geosiyasi maraqlarını nəzərə alır. Düşünürük ki, bu da bir zaman məsələsidir, ona görə ki, Rusiyanın geosiyasi fundamenti ciddi şəkildə laxlayır və dayanaqsız bir durumdadır. 

Təsadüfi deyil ki, NATO ölkələri və ABŞ öz fərdi və kollektiv doktrinalarında Rusiyanı geosiyasi güc kimi yox, sadəcə, araqarışdan, bu və ya digər konflikt yaradan ölkə kimi qeyd edirlər. Ona görə də elə bir vaxt yetişəcək ki, biz daha Rusiyanın regional geosiyasi maraqları üzərində baş sındırmayacağıq, çünki onun hüdudları sürətlə daralmaqdadır. Nəhayət, Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycan üçün NATO-nun hərbi standartlarına uyğunlaşmaq və onun hərbi ideologiyasını öyrənmək deməkdir ki, heç bu da az önəm kəsb etmir...