Siyasət 21:00 02.12.2021

Azərbaycan müharibədən sonra ATƏT-ə təkliflər verib və hələ də cavab gözləyir - Nazir

Azərbaycan ATƏT-ə müharibədən sonrakı dövrdə əməkdaşlıq üçün tədbirlər təklif edib və hələ də cavab gözləyir.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasında ATƏT Azərbaycana kömək edə bilər.

"Biz ATƏT-ə bu məsələ ilə bağlı əməkdaşlıq təklifi irəli sürmüşük və hələ də cavab gözləyirik. Münaqişənin başa çatması Azərbaycan və Ermənistanın bir-birinə qarşılıqlı hörməti, o cümlədən ərazi bütövlüyünə əsaslanan mehriban qonşuluq münasibətlərinin inkişafı üçün böyük imkan yaradır”, - nazir vurğulayıb.

C.Bayramov əlavə edib ki, Azərbaycan hadisələrin bu cür inkişafına hazır olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə bir sıra birtərəfli addımlar atıb, lakin Ermənistan adekvat addımlar atmır. Bu kontekstdə Ermənistanın üçtərəfli bəyanatı çərçivəsində razılaşmaların pozulmasının davam etməsi ciddi narahatlıq doğurur.