Xəbər lenti

Azərbaycan tələbəsinin ən böyük problemi: Onu necə həll etmək olar?
Ölkə 11:15 23.09.2023

Azərbaycan tələbəsinin ən böyük problemi: Onu necə həll etmək olar?

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanıb)

Bakı ölkənin paytaxtı, iqtisadi, sənaye şəhəri olmaqla bərabər, həm də böyük təhsil ocaqlarının, universitetlərin cəmləşdiyi yerdir. Bu şəhərə hər il Azərbaycanın müxtəlif bölgəsindən təhsil almaq üçün minlərlə gənc üz tutur. 

O gəncləri isə paytaxtda bir çox problem qarşılayır. Bu problemlərdən biri yaşamağa yerin olmamasıdır. Belə olanda həmin gənclər kirayə mənzillər axtarırlar, lakin büdcələrinə uyğun evlər tapmaqda çətinlik çəkirlər. 

Bəzi mütəxəssislər deyir ki, tələbələri bu çətinlikdən qurtarmaq üçün onların yaşaya biləcəyi həm dövlət, həm də özəl tələbə yataqxanaları olmalıdır. 

Qaynarinfo bu məsələləri təhsil eksperti Elmin Nuri ilə müzakirə edib.

Elmin Nuri bildirib ki, hər il olduğu kimi bu il də tədris ilinin əvvəli tələbələrin kirayə mənzil, yataqxana, yerləşmə problemi ilə yadda qaldı:



"Tədris ili başlasa da, hələ də yaşamaq üçün mənzil tapmaqda çətinlik çəkən tələbələr var.  Kirayə mənzil, yataqxana problemi hər il olduğu kimi bu il də özünü bütün gücü ilə göstərdi. Bu problemlə üzləşənlərin sayı artmaqdadır”. 

Ekspert deyir ki, Azərbaycan universitetlərinin yataqxana problemi neçə illərdir mövcuddur və hamıya məlumdur:

"Bununla bağlı bir çox problem var. Bir vaxtlar məcburi köçkünlərin universitetlərin yataqxanalarına yerləşməsi, yataqxanaların özlərinin sovet vaxtında tikildiyi üçün qəza vəziyyətində və yaşayışa yararsız olması səbəbindən bu problem daha da dərinləşib. Qarabağ artıq azad olunub. Məcburi köçkün olan vətəndaşlarımız yavaş-yavaş öz yurd-yuvalarına gedəcək və onların məskunlaşdığı yataqxanalar yəqin ki, yenidən universitetlərin bazasına qaytarılacaq”.

Ekspert deyir ki, bu yataqxanaları universitetlərin bazasına qaytarmaqla iş bitmir:

"Çünki bu yataqxanalar artıq tələbələr üçün yararsız vəziyyətdədir. Onların böyük əksəriyyəti sovet vaxtında tikilib. Bu gün UNEC in dörd yataqxana binasında məcburi köçkünlər məskunlaşıblar. Eləcə də digər universitetlərimizin yataqxanasında yerləşdiriliblər. Tələbə kontingenti 18 minə çatan Azərbaycan Pedaqoji Universitetinin cəmi bir, Bakı Mühəndis Universitetinin iki, Memarlıq və İnşaat Universitetinin bir, Azərbaycan Dövlət Universitetinin bir tələbə yataqxanası var. Bu unuversitetlərin hamısının tələbələrinin sayı 10- 15 min üzərindədir. Hətta bu məhdud yerli yataqxanalarda belə əsasən əcnəbi tələbələr məskunlaşdırılır”. 

Ekspert deyir ki, bu gün yalnız Tibb Universitetinin dörd yataqxanası var: ikisi oğlanlar, ikisi qızlar üçün:

"Bu yataqxanalar da tələbatı tam ödəmir”. 

Elmin Nurinin sözlərinə görə, Azərbaycan universitetlərində yataqxana ən yaxşı halda 15 faizlik tələbatı ödəyə bilir:

"Bu problem özəl yataqxanaların tikilməsi ilə nisbətən azala bilər. Özəl yataqxanalar fərdi sahibkarlıq yanaşması tələb edir. Yəni bu, tələb olunan bir sahədir”.

"Bu yataqxanalrın tikilməsi də prosesi tam həll edə bilməyəcək, amma müəyyən qədər, heç olmasa 300-400, hətta 500 nəfər bu yataqxanalarda qala biləcək”, - ekspert əlavə edib.

Elmin Nuri xatırladır ki, bu gün dünyanın bir çox yerlərində, elə qardaş Türkiyədə "özəl yurdlar” deyilən yataqxanalar var: 

"Bu özəl yataqxanalar bir universitetə tabe deyillər. Orada bir universitetin deyil, müxtəlif universitetlərin tələbələri yerləşə bilir. Bizdə isə özəl yataqxanaların olmaması çox böyük problemi bir az da böyüdür”. 
 


Ekspertə görə, özəl yataqxanalar olsa da, bu problem qalacaq: 

"Yəni 15 faizlik tələbat uzağı 30 faizlik tələbata çatacaq. Yenə də 40-50 faiz kontingent müəyyən problemlərlə üzləşmiş olacaq. Əvvəl bir neçə özəl yataqxana var idi ki, səhv etmirəmsə, onların fəaliyyəti dayandırıldı”.

Ekspert deyir ki, tələbə yataqxanası ilə bağlı problem təkcə Bakıda deyil, rayonlarda da var: 

"Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncədə yerləşən üç ali təhsil müəssisəmiz, həmçinin Pedaqoji Universitetin rayonlardakı filialları UNEC-in və Bakı Dövlət Universitetinin, Zaqatala, Quba filialları üçün də yataqxana lazımdır”.

Ekspert bildirib ki, bu gün bizə özəl yataqxanalardan da çox bu problemin əsas həlledici meyarı başqadır:

"Universitetlərin böyük kampusları yaradılmalıdır. Doğrudur, bu, çox böyük vəsait tələb edən, deyərdim ki, bəlkə də indiki dövr üçün mümkünsüz bir məsələdir. Bircə Bakı Ali Neft Məktəbinin Bibiheybətdə kampus binası var. Həmin kampus binası beş yüz nəfərlik tələbə yerləşdirmək gücündədir. Amma BNM-ın BDU, UNEC- lə müqayisədə tələbə kontingenti çox deyil. Tutaq ki, BDU üçün kampus salınsa, onun ən azı 2000 tələbəlik yataqxanası olmalıdır. Universitetlər mütləq şəhər kənarlarına köçürülüb, kampuslar salınmalıdır.  O zaman bu yataqxana problemi həll olunacaq. Biz bu məsələyə xüsusi diqqət etməliyik. Bu gün özəl yataqxanaların tikilməsi, tələbələr üçün ayrıca kirayə evlərin salınması ilə bu, həll olunması məsələ deyil. Biz universitet kampusları yaratmaqla bu problemlərdən nisbətən də olsa, qurtulmuş olacağıq”.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->