Foto 18:28 22.01.2020

İlham Əliyev Davosda Polşa və Monqolustan prezidentləri ilə görüşüb (YENİLƏNİB)

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edilib.

Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olunub.

İlham Əliyev bu gün Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulanıb, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Dövlət başçısı bu gün həmçinin "SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb. Görüşə görə İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını İlham Əliyevə təqdim edib.

Görüşdən məmnunluğunu ifadə edən İlham Əliyev bildirib ki, "SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.

Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində "SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.