Xəbər lenti

Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzaladı
Foto 11:12 24.03.2019

Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzaladı

Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib

Qaynarinfo-nun XİN-dən verilən məlumata əsasən, xarici işlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın Xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb.

Görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb. Həmçinin kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq, gələcəkdə bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının yaradılması barəsində razılığa gəlinib, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.

Paraqvaylı nazir iki ölkə arasında məsafə uzaqlığına baxmayaraq, artıq yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu, Azərbaycan xarici işlər nazirinin Paraqvaya ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini qeyd edib.

Elmar Məmmədyarov Azərbaycan hökuməti tərəfindən iqtisadi-sosial sahədə həyata keçirlmiş islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla reallaşdırılan genişmiqyaslı enerji və infrastruktur layihələri barəsində danışıb. Bu xüsusda, Nazir Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionunda inteqrasiya proseslərinə başlıca əngəl olan, regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb. Elmar Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalıda törədilmiş soyqırımının pislənməsinə dair bəyanatın qəbulunun yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan və Paraqvayın çoxtərəfli platformada uğurla əməkdaşlıq etdiyini bildirən Nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Paraqvay tərəfinin bu əhəmiyyətli tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Daha sonra Elmar Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Nazir Kastiqlioni bu dəvəti dəyərləndirəcəyini diqqətə çatdırıb.

Sonda "Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb.

Səfər çərçivəsində Nazir Elmar Məmmədyarov, həmçinin Paraqvay Milli Konqresinin Senatı və Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrləri Viktor Qonsales və Volter Harms ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və hər iki ölkənin qanunverici orqanlarının qarşılıqlı səfərlərinin təşkilininin faydalı ola biləcəyi qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->