Xəbər lenti

Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı günümüzə nümunə kimi…
Ölkə 18:14 01.06.2024

Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı günümüzə nümunə kimi…

(Yazı informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi mövzusu üzrə hazırlanıb)

Şərqdə yaradılan ilk müstəqil respublika olan Azərbaycan Xalq Cümhuriyyəti atdığı bir çox addımlar ilə müasir dövr ölkələrinə də nümunə göstərilə bilər. Cümhuriyyətin mövcud olduğu 23 ayda qəbul olunan bir çox qərarlar xalqın hüquq və azadlıqalrının qorunması yolunda atılan mühüm addımlar idi. Həmin dövrdə mətbuatla bağlı da bir çox işlər görülmüşdü, qərarlar qəbul olunmuşdu.

Bəs nə idi həmin dövr mətbuatının səciyyəvi xüsusiyyəti? Həmin dövr mətbuatından müasir mətbuatın götürəcəyi hansı nümunələr var? 

Qaynarinfo mövzunu professor Qulu Məhərrəmli ilə müzakirə edib.

- Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu. Bu, mətbuat üçün hansı azadlıqları gətirdi?

- Əlbəttə, Cümhuriyyət dövründə hökumətin insan hüquq və azadlıqlarını, o cümlədən mətbuat azadlığını təmin edən bir çox qərarları olub. Bu qərarlar da o hökumətin mahiyyətindən irəli gəlir. 

1917-ci ilin iyununda siyasi böhran yarandıqda, Milli Şura istefa verməyə məcbur olub, Xoyski hökumətinə öz səlahiyyətlərini verəndə iki mühüm şərt qoymudu. Bu şərtlərdən birincisi hökumət "İstiqlal” Bəyannaməsini ləğv edə, ikincisi isə insan hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Yəni Azərbaycan Xalq Cümhuriyyəti mahiyyət etibarı ilə insan hüquq və azadlıqlarına hörmət edən, o cümlədən mətbuat azadlığını bir dəyər kimi qəbul edən parlamentli respublika idi. Bütün fəaliyyətində də bu prinsipi əsas tutdu. Hökumətin də 1918-ci ilin 9 noyabrında mətbuat və digər informasiya vasitələri üzərində senzuranı, yəni dövlət nəzarətini ləğv etməsi də məhz bu missiyadan irəli gəlirdi.

- Dövrün siyasəti necə idi, mətbuat proseslərə təsir edirdimi?

- Dövlət siyasətinin əsas məqsədi ilk növbədə Azərbaycanın müstəqilliyini qorumağa, ölkədə dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin azad yaşamasına təminat vermək idi.

O dövrdə "Məclisi-Məbusan”ın qəbul elədiyi qanun və qərarlarda da bu göstərilirdi. 

İstiqlal Bəyannaməsinin xüsusən dördüncü maddədəsində insan haqları, söz və mətbuat azadlığı ilə bağlı bəyan elədiyi bütün prinsiplərə əməl edirdi və bu onun siyasətinin ana xətti idi. Ona görə də Cümhuriyyət haqqında xaricdə də, xüsusi ilə ABŞ və Böyük Britaniya missiyalarının verdiyi məlumatlarda da Azərbaycan Cümhuriyyəti Ermənistan və Gürcüstana nisbətən daha demokratik, insan haqlarına daha sayğılı yanaşan hökumət kimi xarakterizə olunurdu.  Bunlar tarixi faktlardır, bunları danmaq olmaz.
 
- Rusiyaya xidmət edən mətbu orqanlara qarşı milli mətbuat duruş gətirirdimi?

- Ümumiyyətlə, Cümhuriyyət dövrü mətbuatını araşdıranların qəti fikri ondan ibarətdir ki, ölkədə azad mətbuat fəaliyyət göstərirdi. Onların fəaliyyəti heç nə ilə tənzim olunmurdu. Parlament mətbuat nizamnaməsini qəbul eləmişdi.

O nizamnaməyə görə, mətbuata siyasi basqı, hökumət basqısı yolverilməz idi. Qəzetlər verilmiş bəlli azadlıqlar çərçivəsində fəaliyyət göstərirdi. Tənqidi materiallar çox gedirdi. O cümlədən hökumət ciddi şəkildə tənqid olunurdu. Parlamentdə tez-tez bununla bağlı diskussiyalar olurdu və bunların hamısı mətbuatda birmənalı şəkildə göstərilirdi. O dövr mətbuatının biz təsnifatını vermiş olsaq, müxalifət mətbuatı hökumətyönlü mətbuatdan bir neçə dəfə artıq idi. O cümlədən bolşeviklərin mətbu nəşirləri geniş yayılırdı. Hətta Həştərxandan və başqa ölkələrdən Azərbaycan mediasına rusiyayönümlü müdaxilələr çox olurdu. Bunu tarixi faktlar da sübut edir. Bu baxımdan indi bir çoxları deyəndə ki mətbuat azadlığı Cümhuriyyət dövründə aşırı dərəcədə idi, bu sözü qərbçiliyə salmaq olmaz. Həqiqətən də Cümhuriyyət dövründə müxalif mətbuat daha böyük təsir gücünə malik idi. Və kütlələr arasında onlar sərbəst təbliğat apara bilirdilər.

Amma əlbəttə ki, o dövrdə bizim əsas mətbu nəşirimiz parlamentin hesabatlarının dərc eləyən, reportajlarını verən "Azərbaycan” qəzeti mövcud idi. Bu gün ADA Universteti həmin "Azərbaycan” qəzetinin 20 cilddə transliterasiyasını hazırlayır. Artıq 10 cilddən çoxu çap olunub. Və bu o deməkdir ki, həmin tədqiqatlar, həmin transliterasiyalar bizi o dövrün mətbuatı ilə geniş şəkildə tanış edə bilər. İstər müxalifət olsun, istər hökumət yönümlü mətbuat olsun, o dövrdə gedən prosesləri öz səhifələrində parlaq şəkildə əks etdirə bilirdi. 

Sözün həqiqi mənasında Azərbaycanda fəaliyyət göstərən mətbuat Azərbaycan Cümhuriyyətinin üzvünə çevrilmişdi.
 


- Biz həmin dövrün mətbuatının fəaliyyətindən hansı nümunələri götürə bilərik?

- O dövrün mətbuatından nümunə götürməli çox şeylər var. Bu, birinci növbədə mətbuat etkiasının gözlənilməsidir. Öyrəniləcək ikinci cəhət, o dövrün keyfiyyətli mediasıdır. Məsələn, "Azərbaycan” qəzeti kimi mətbuat orqanlarında gedən və o dövrün hadisələrini lakmus kağızı kimi əks etdirən yazılar var. O yazılar bu günün nöqteyi-nəzərindən çox faydalı, çox gərəkli, və müəyyən mənada ibrət alınmalı məqamları ilə zəngindir.  

O dövrdə "Azərbaycan” qəzetinin baş yazarı, ona rəhbərlik edən Üzeyir Hacıbəyli qəzetlərin bu gün nədən yazmalı olması mövzusunda polemikalarda iştirak edəndə, çox gözəl fikir irəli sürmüşdü.

Birinci növbədə millət səlamətliyindən, millətin təhlükəsizliyindən, camaatın firavanlığından,yəni dolanışıqdan və sair. Çox önəmli olan dövlət intizamından yazmalı idi qəzetlər. Və nəhayət istiqlal, istiqlal, yenə də istiqlaldan yazmalıdırlar, - Hacıbəyli deyirdi. 

Bu tezislər o dövrün mətbuatını müəyyən mənada bizim bugünkü mətbuat üçün nümunəyə çevririr və həmin mətbuatdan öyrəndiyimiz, çıxartdığımız dərslər əsasən milli maraqlara xidmət olunması, gerçəyi ifadə etməsi, həqiqəti söyləməsi, nöqsanları tənqid etməsi və bunların hamısı o mətbuatdan öyrənilməli məqamlardır. 

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->