Qaynarinfo Kulis.az-a istinadən koronavirusdan vəfat edən Əməkdar artist, müğənni Yaqub Zurufçunun həyatından maraqlı faktları təqdim edir.
Yaqub Qulu oğlu Zurufçu 1956-cı il - aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Atası Qulu kişi iş dalınca İrandan əvvəlcə Naxçıvana, sonra da Bakıya gələrək burda bir-neçə il işlədikdən sonra Təbrizə qayıdır. Təbrizdə çətinliklə də olsa, Bakı radiolarının dalğalarını "tutub", azyaşlı oğlu Yaquba Bülbülün, Rəşid Behbudovun, Rübabə Muradovanın, Şövkət Ələkbərovanın və digər müğənnilərin ifalarını, Azərbaycan mahnılarını dinlədir. Bu fakt Yaqubun həyatında ciddi rol oynayır.
Azərbaycan mahnılarını hərdən atası ilə birgə, hərdən də öz-özünə zümzümə edən balaca Yaqub sonralar bu mahnılarsız qala bilmir. Bir müddət sonra atası Qulu kişi ona yaxşı səsi olduğunu deyir və onu musiqi sənətinə həvəsləndirir. Atasının sözündən həvəslənərək həyətdə-bacada mahnılar oxumağa başlayan, qəlbəyatan səsi ilə artıq 7 yaşından sevilən balaca müğənni çox keçmədən Təbriz radiosunun uşaqlar proqramında iştirak edir, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə İranda tanınır, dillər əzbəri olur.
Sonralar Tehran Universitetində iqtisadçı təhsili almaqla yanaşı eyni zamanda Tehranın Opera xorunda öz musiqi fəaliyyətini də davam etdirir, lakin 1979-cu ildə İranda baş verən gözlənilməz "İslam inqilabı"ndan sonra İranda musiqi qadağan olunur. Musiqi ilə məşğul olanlar isə həbs edilir. 1985-ci ilə qədər İranda yaşayan müğənni günlərin birində oranı tərk etmək qərarına gəlir. Universiteti başa vuran kimi Almaniyaya üz tutur. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində başlayır və vokal sənəti üzrə Amerikanın Florida ştatında Miami Universitetində vokal sənəti üzrə master diplomu alır.
***
İlk dəfə böyük konsert proqramı ilə tamaşaçılar qarşısına çıxan müğənni "Vətənimdir", "Dəniz", "Evləri var xana-xana", "Qaragilə", "Sarı gəlin" mahnıları ilə qəlbləri nə qədər coşdursa da, "Ana" mahnısı ilə salondakıların hamısını kövrəldir, hətta ağladır da.
1989-cu ildə müğənniyə Almaniyada yaşayanda Huşəng adlı dostu zəng vurub bildirir ki, Gülağa Məmmədov Almaniyadadır: "Burdadır, sənin "Ayrılıq" mahnının klipinə baxıb, çox bəyənib". Bundan sonra müğənni özü telefonda Gülağa müəllimlə danışıb görüşür. Onlar səhərə qədər söhbət edirlər. Gülağa Məmmədov onun "Ayrılıq" mahnısına çəkilmiş klipin video yazısını Bakıya gətirir. Bundan sonra bu mahnı Azadlıq hərəkatının simvoluna çevrilir.
***
Yaqub Zurufçu Gülağa Məmmədovun və Elçin Əfəndiyevin dəvəti ilə Bakıya gəlir. Müğənni həmin günləri müsahibələrinin birində belə xatırlayır:
"Azərbaycana Moskvadan uçdum, təyyarədə bir nəfər mənə yaxınlaşdı ki, siz Yaqub Zurufçusuz? Dedim, bəli. Bu getdi, Moskvadan Bakıya uçan azərbaycanlılara nə dedi, nə demədisə, bir də gördüm, bütün azərbaycanlılar axışdı başıma, az qalırdım oturduğum yerdə sıxılıb öləm. Üstümə elə töküldülər ki, pilot dedi xahiş edirəm keçin oturun yerinizdə. Təyyarədən düşəndə də gördüm bütün xanəndələr - Arif Babayev, Şövkət Ələkbərova və başqaları, hamısı məni qarşılamağa gəliblər. Necə kövrəldim!"
Yaqub Zurufçu Bakıya gələndən bir neçə gün sonra oktyabrın 29-da Azadlıq Meydanında konsert verməyə hazırlaşır. Həmin gün KQB-dən onun yanına gəlib irad bildirirlər, deyirlər ki, sənin konsert verməyə haqqın yoxdur, SSRİ-də insanların bir yerə toplanması qadağandır. Yaqub Zurufçu qaldığı "Azərbaycan" mehmanxanasının pəncərəsindən meydana yığılan insanları göstərib deyir:
"Mən bunlara söz vermişəm. Nəyin bahasına olursa-olsun, meydana çıxıb konsert verəcəm. Siz qadağan etsəniz də, çıxacam".
KQB əməkdaşları ona deyirlər ki, konsert zamanı sənə atəş aça bilərlər. Biz isə səni qoruya bilməyəcəyik. Öz dilindən məktub yaz ki, məsuliyyəti üzərinə götürürsən. Daha sonra Elçibəy otelə onun yanına gəlir və deyir:
"Biz özümüz səhnənin arxasında sənin yanında olacağıq, narahat olma."
Konsert baş tutur. Heç bir hadisə, ixtişaş baş vermir. Onunla yanaşı səhnədə Yusif Səmədoğlu, Anar, Elçibəy, Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqaları olur. Konsertdən yığılan 70 min manat pul isə Xalq Cəbhəsinə verilir. Sonradan Elçibəy ona fars dilində təşəkkür məktubu yazır.
Yaqub Zurufçu iki dəfə ailəli olub. İlk xanımı əslən Təbrizdən olub. Bu evlilikdən onların Dəniz adlı qızı, Tamerlan adlı oğlu dünyaya gəlib. Lakin xanımı Azərbaycanda yox, Amerikada yaşamaq istədiyindən müğənni ondan ayrılmalı və Bakıya köçməli olur.
***
İTV-də Yaqub Zurufçu "Körpü" adlı proqram hazırlayır. Gələcək həyat yoldaşı Aynur xanım isə onunla birgə işləyir. Bir-birləri ilə daim mübahisə etsələr də, günlərin birində onlar ailə qururlar. Aynur xanım müsahibələrinin birində bu haqda deyir:
"Mən onda İTV-də işləyirdim. Orada tanış olduq. Sonra Yaqub bəylə işləməyə başladım. Çəkilişlər əsnasında çox mübahisələrimiz oldu. Sonra yavaş-yavaş bir-birimiz tanıdıq. Amma heç vaxt ağlıma gətirməzdim ki, bir vaxtlar həyat yoldaşım olacaq. Çünki çox mübahisə edirdik. Mən bir də baxdım ki, bu insana bağlanmışam. Ondan ayrı yaşaya bilmirəm. Ancaq düşünürdüm ki, bəlkə ailəm qəbul etməz. Uzun müddət hisslərimi, münasibətimizi dilə gətirməyə qorxdum. Sonra gördüm ki, həyatımı onsuz təsəvvür etmirəm. Başqası ilə ailə qursam da, xoşbəxt olmayacam. Yaqub bəyi tanıyanda 26 yaşım var idi. Körpə bir insan necə mehrini salırsa, mən də Yaqub bəyə elə öyrəşmişdim. Ancaq iş əsnasında məni çox incidirdi, kobud davranırdı. "Onu niyə belə etdin, bunu niyə belə etmədin?" Hətta məni ağladıb da".
Bir müddət əvvəl Yaqub Zurufcu haqqında xoşagəlməz söhbətlər yayılır. Belə ki, müğənni Roza Zərgərli iddia edir ki, Xalq artisti Şövkət Ələkbərova 1990-cı ildə Almaniyaya müalicə üçün gedərkən Yaqub Zurufçunun evində qalır. Bir neçə aydan sonra Yaqub Zurufçu ona müalicə olunması üçün pul lazım olduğunu deyir və bunun üçün Şövkət xanımı konsert verməyə məcbur edir. Lakin Yaqub Zurufcu bu iddiaları rədd edərək müsahibələrinin birində deyir:
"Bizim evdə bir neçə ay qaldı. Sonra dedi ki, gəl konsert edək. Bu da düşdü 20 Yanvar hadisəsinə. Mən də ona əvvəlcədən dedim ki, o konsertdə iştirak etməyəcəm. Doğrudan da zalda oturdum, oxumadım. O, məni tamaşaçılara təqdim elədi, səhnəyə dəvət etdi. Mən də çıxıb "Ana" mahnısını oxudum. Sonra da yola saldım gəldi. Amma yenə deyirəm ki, mən 20 Yanvar hadisəsi ərəfəsində Şövkət xanımın səhnəyə çıxıb konsert verməsinə qarşı olmuşam".
Xatırladaq ki, bu barədə Şövkət Ələkbərovanın gəlini də öz müsahibəsində danışaraq bildirib ki, konsert vermək Şövkət xanımın öz istəyi ilə bağlı olub. O, bununla Azərbaycanda 20 yanvar zamanı baş vermiş hadisələr zamanı şəhid və yaralıların ailəsinə maddi dəstək olmaq istəyib.
***
Beləliklə Yaqub Zurufcu ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alır. 17 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülür.
Yaqub Zurufçu 9 sentyabr 2021- ci ildə koronavirusa yoluxaraq "Yeni Klinika"ya yerləşdirilir. 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edir.
Şərhlər