Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısını alıblar.
Bu barədə Qaynarinfo-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukrayna Respublikasına gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.
Azərbaycan vətəndaşının idarə etdiyi "DAF” markalı yük nəqliyyat vasitəsi İran İslam Respublikasının Astara şəhərindəki "Pardis Ceram Pajh CO” şirkətindən Ukrayna Respublikasının Kiyev şəhərindəki "Architectuar Decor” şirkətinə "qarışıq” yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.
Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.
Baxış zamanı, "Jack” ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib.
Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib.
Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.
Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paletdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib.
Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib.
Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib.
Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub.
Qeyd edək ki, aşkar olunan 56 kq 363 qram metamfetaminin "qara bazar”da dəyəri 9 milyon 500 min manat təşkil edir.
Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər