Xəbər lenti

Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? (RƏY/VİDEO)
Video 10:12 27.02.2020

Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? (RƏY/VİDEO)

Bir sıra dünya ölkələri təbiətin çirklənməsinin qarşısının alınması, həm də qiymətli yanacağa qənaət edilməsi məqsədilə alternativ enerji növlərindən istifadə edirlər. Danimarka, Almaniya, Latviya, İspaniya və başqa ölkələrdə əhali ev təsərrüfatlarında, bağlarda, kənd yerlərində və digər məkanlarda alternativ enerji növlərindən istifadə edir. Ölkəmizdə isə əhalinin şəxsi istehlakı məqsədilə alternativ enerjidən istifadə etməsinə, demək olar ki, rast gəlinmir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov "Report”a verdiyi açıqlamada bunun səbəblərini izah edib:


"Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə, insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır"
 

"Bizim enerji daşıyıcılarımızın qiyməti ucuzdur. Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır. Digər tərəfdən, bizdə o avadanlıqların quraşdırılması bahadır. Vətəndaşın o qədər vəsait cəlb edib evlərinin üstündən 2-3 min manatlıq bir avadanlıq quraşdırmağa gücü çatmır. Günəş paneli, günəş kollektorları və digər qurğuların quraşdırılması adam sayından asılı olaraq 2-3 min, hətta 5 min manata qədər vəsait tələb edir. Digər ölkələrdə bu sahədə dövlətin subsidiya mexanizmləri var, ona görə də insanlar alternativ enerji qurğularını quraşdırırlar. Azərbaycanda belə bir dəstək mexanizmi olmadığına və kreditlərin qiymətinin yüksək olmasına görə insanlara belə texnologiyalara vəsait qoymaq baha başa gəlir. Buna görə də maraqlı olmur. Birinci növbədə bu istiqamətdə iqtisadi maraq yaranmalıdır. Almaniya və bəzi başqa Avropa ölkələrində vətəndaş alternativ enerji istehsal edən avadanlıq quraşdıranda hökümət ona hər kilovata görə 600-700 avro həcmində dəstək verir. Nəticədə vətəndaş avadanlığın qiymətinin 20-30%-ni ödəmiş olur. Qanunvericiliyə uyğun olaraq, insanlar özləri alternativ enerji istehsal edib dövlətə də sata bilər. Hazırda bizdə bəzi şirkətlər var ki, həm özlərinin enerji təchizatını təmin edir, həm də artıq qalan enerjini dövlətə satırlar".

"Report" alternativ enerjidən istifadə ilə bağlı paytaxt sakinlərinin münasibətini öyrənib. Sakinlərin əksəriyyəti alternativ enerjidən istifadənin təqdirəlayiq hal olduğunu, lakin bu barədə kifayət qədər maarifləndirmə işlərinin aparılmadığını bildiriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->