2018-ci ilin 9 ayı ərzində Azərbaycanda 258 kimsəsiz dəfn olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.
Kimsəsizlərin cins, yaş bölgüsünə gəlincə, S.Həsənov bu məlumatların məxfi saxlandığını diqqətə çatdırıb:
"Bizdə yalnız bir kimsəsizlər qəbristanlığı var. Kimsəsiz şəxslər bir neçə gün morqda saxlanılır. Ailə üzvləri, yaxınları tapılmadıqda həmin məzarlıqda dəfn olunur”.
S.Həsənov bəzi hallarda kimsəsizlərin öz yaxınları tərəfindən axtarıldığını da qeyd edib:
"Ölən şəxs dəfn olunduqdan sonra onun yaxını olduğunu deyən insanlar bizə müraciət edir. Bu halda qohumluq əlaqələrini sübut edən sənəd təqdim olunur. Daha sonra isə biz onları sanitar, epidemioloji stansiyaya yönləndiririk. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Rəsmi icazə alındıqdan sonra meyitin yaxınlarının istəyilə dəfn olunduğu yerdən çıxarılması və başqa yerdə dəfni mümkün olur. Bu kimi hallar il ərzində 2-3 dəfə olur. Məsələ burasındadır ki, qumsal torpaqlarda bir il, nəm torpaqlarda 3 il meyiti çıxarmağa icazə verilmir. Meyit müddət tamam olduqdan sonra çıxarılaraq, başqa yerdə dəfn olunur”.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 322 kimsəsiz dəfn olunub.
Şərhlər