Növbəti 3 mövsüm ərzində UEFA bayrağı altında keçiriləcək klub yarışlarını Azərbaycanda yayımlayacaq telekanal müəyyənləşib.
"Report"un məlumatına görə, "CBC Sport" 2024-cü ilədək avrokubokların yayım hüququna yiyələnib.
Futbolsevərlər qarşıdakı illərdə də Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Super Kubokunu bu kanalda izləyəcəklər.
Bu il keçiriləcək Avropa çempionatının yayım hüququ isə İctimai TV ilə AzTV-yə (İdman TV) məxsusdur. Hər iki televiziya AVRO-2020-nin oyunlarını ortaq yayımlayacaqlar.
2022-ci ildə Qətərdə gerçəkləşəcək dünya çempionatının yayım hüququ isə İctimai TV-dədir.
Qeyd edək ki, "CBC Sport" 2018-ci ildən avrokubokların yayımlayır. AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
Şərhlər