Xəbər lenti

Ekonomiks 13:38 18.09.2019

"Azərbaycanda kölgə iqtisadiyyatının əksəriyyəti idxalla bağlıdır" (MÜSAHİBƏ)

Ötən həftə gündəm olan məsələlərdən biri vergilər naziri Mikayıl Cabbarovun açıqlaması oldu. Bakıda keçirlən "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” beynəlxalq konfransında çıxış edərkən nazir kölgə iqtisadiyyatına dair kifayət qədər ciddi rəqəmlər səsləndirdi. "Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir” deyən M.Cabbarovun sözlərinə görə, Statistika Komitəsi ilə onların göstəriciləri arasında kəskin fərq olub: 

"2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir”. 

Məsələ ilə bağlı yaranmış sualları Qaynarinfo əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib:

– Nazim müəllim, iki qurumun göstəriciləri arasında bu qədər fərqin olması, sizcə, nə ilə bağlıdır?
– Mikayıl Cabbarovu yeni vergilər naziri təyin olunduğu vaxtdan vergi ödəyicilərinin birbaşa maarifləndirilməsi, onlardan tələb və təkliflərin toplanması, analiz edilməsi baxımından çox mühüm işlərə imza atıb. Mən hesab edirəm ki, bu, çox vacib idi. Çünki əvvəlki rəhbərlikdən fərqli olaraq audit adı altında illər boyu audit adı altında dövriyyəyə baxıb qeyri-qanuni vəsait toplamaq təşəbbüsü geridə qaldı. Yəni Vergilər Nazirliyi vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin optimallaşdırılmasında onlara kömək etmək və gəlirlərindən də vergilər almaq yolu tutdu. Heç kəsə sirr deyil ki, zamanında məcburi köçkünlər və qaçqınlar Bakıda kütləvi olaraq məskunlaşandan sonra küçə ticarəti adlandırdığımız ticarət bazar və marketlərdə oturuşdu. Bunu da biz təbii, anlaşıqla qarşılayırıq. Bu insanlar evlərindən, işlərindən məhrum olublar və onların iş görən hər birini yenidən vergiyə cəlb etmək özü sosial ədalət prinsipini pozur. Əslində ÜDM-də pərakəndə ticarətin payı o qədər də yüksək faiz təşkil etmir. Buna görə də illər uzunu buna göz yumuldu. Amma biz də başa düşürük ki, burada sağlamlıq, gigiyena kimi məsələlər də var. Həm də insanın gəlirləri varsa vergi də ödəməlidir. 
Normal ölkələrdə nəqliyyatdan gələn gəlirlər əslində büdcə gəlirlərinin təqribən 10-15 faizini təşkil edir. Ancaq bizdə çox təəssüf ki, illər boyudur heç 0,5 faiz etmir. Biz neftdən gələn gəlirlərə alışqan olmuşduq. Büdcə proqnozlarının yerinə yetirilməsi ilə bağlı böyük problemlər yaşanmırdı. Əslində mən hesab edirəm ki, yeni vergilər naziri normal yol tutdu – insanların gəlirləri artmalıdır ki, onlar daha çox vergilər versin. Hökumətin də üzərinə düşən iş iqtisadi fəaliyyəti stimullaşdırmaqdır.

– İslahatlar düzgün aparılırmı bu istiqamətdə?
– Çox təəssüf edirəm ki, xeyr. Yarımçıqlıq var. Vergilər Nazirliyinin rəhbərliyi dəyişdikdən sonra Dövlət Sosial Müdafiə Fondu ləğv olunmadı, ancaq onun funksiyaları verildi Vergilər Nazirliyinə. Həm də gömrük proqnozlarına nəzarət etmək üçün statistika nazirlik tərəfindən aparılır. Azərbaycanda kölgə iqtisadiyyatının mütləq əksəriyyəti idxalla bağlıdır. Həmişə də belə olub. Ölkə daxilində iqtisadiyya artımın əsas göstəricisi olan əlavə dəyəri biz müzakirə etsək, görərik ki, hətta cari ilin proqnozunda azalma, ancaq idxaldan daxil olan ƏDV-nin artımı prqnozlaşdırılır. Bu o deməkdir ki, biz ölkə olaraq yenə də idxaldan asılıyıq, əsas da kölgə iqtisadiyyatını yaradan amil idxaldır. Daxil olan malların invoysları dəyişdirildi, güzgü statistikası tətbiq edildi və məlum oldu ki, il ərzində bəzən hətta 5 milyardlıq malın ölkəyə daxil olması göstərilmir. Həmin mallar da topdansatış məntəqələri vasitəsilə pərakəndə satışa keçirdi, ona görə də 7 dəfə fərq yaranıb. Ölkəyə idxal çoxdur, ancaq pərakəndə satışdan vergi azdır – bu disproporsiya ona görə yaranıb. Bu baxımdan mən hesab edirəm ki, pərakəndə satış dedikdə, bunun başında duran problem Dövlət Gömrük Komitəsinin "fəaliyyəti”, invoysların dəyişdirilməsi və qiymətlərin aşağı göstərilməsidir. Mal çox gəlir, amma gömrükdə bu göstərilmir, yəni statistika reallığı əks etdirmir. Siz təsəvvür edin kji, 2003-cü ildən bəri əsaslı vəsait qoyuluşuna ən azı 7-8 milyard manat yönəldilir. Bu kapital qoyuluşunu həyata keçirən şirkətlər oliqarx məmurlara məxsus olan şirkətlərdir, o şirkətlərdə çalışanlar küçədən-bazardan cəlb olunmuş şəxslərdir, çoxunun əməkhaqqızı düzgün göstərilmir. Təsəvvür edin ki, tikinti-quruculuq adı altında büdcədən ayrılan kifayət qədər böyük vəsaitlərin maliyyə mexanizmləri ilə mənimsənilməsi halı mövcuddur. Bu, artıq kölgə iqtisadiyyatına xidmət etməkdir. 

– Azərbaycanda kölgə iqtisadiyyatı başqa hansı sahələrdə daha çox diqqətə çarpır? Bu problemi həll etməyin yolu nədir?
– Mən dəfələrlə bildirmişəm ki, Azərbaycanda kölgə iqtisadiyyatı idxalda, dövlət investisiyalarında, nəqliyyat və xidmət sektorunda yaradılır. Kiçik bir dairənin – dayənin, sürücünün, mənzilini kirayə verən şəxslərin üzərinə getməklə büdcə problemini həll edə bilməyəcəyik. Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər dövlət, qanun qarşısında eyni hüquq və vəzifələri daşımalıdırlar. İstənilən vergini sonda vətəndaş, istehlakçı ödəyir. Mən hesab edirəm ki, ağıllı hökumət əslində iş yerlərinin təsnifatını aparmalı, daha çox əlavə dəyər yaradan sahələri stimullaşdırmalıdır. Amma biz faktiki olaraq onun şahidiyik ki, dövlət investisiyaları tenderləri adı altında müxtəlif şirkətlərə yüz milyonlarla, hətta milyardlarla vəsait yönəldilir. Bunların hamısı kölgə iqtisadiyyatına xidmət edir. O vəsaitlər dolayı yolla iqtisadiyyata təzyiqdir. Vergilər Nazirliyi də bu təzyiqləri görür və həyəcan təbili çalır.

Mən Milli Məclisdə təmsil olunarkən Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin müxtəlif vəzifəli şəxsləri ilə təmasda olurdum. Onlar etiraf edirdilər ki, kiçik və orta sahibkarlıq çox nizam-intizamlı vergi ödəyiciləridir. Ancaq çox təəssüf edirəm ki, dövlətin şərait yaratdığı iri şirkətlər problem yaradır. 

Dövlət illər boyu məmur sahibkarlığına göz yumub. Ölkə başçısı hər hansı bir obyekti açır, tədbir keçirilir,  TV-lərdə və mediada yayılan görüntülərdən də bəlli olur ki, həmin obyektin əsl sahibinin özü, yaxını, ailə üzvü o tədbirdə iştirak edir, açıq-aşkar görsənir ki, obyekt kimindir. Bu tip böyük vəsaitlər hesabına yaranmış obyektlər heç vaxt adi sahibkara məxsus ola bilməz. Bu, qeyri-mümkündür. Yenidən qayıdaq vergidənyayınmaya. "Baku Steel” adlı şirkətin müxtəlif imtiyazları var. Hətta Nazirlər Kabinetinin qərarı ilə onlar elektrik enerjisinə başqa şirkətlər 9 qəpik ödədiyi halda bu şirkət 5,7 qəpik ödəyir, hətta gecə saatlarında 2,8 qəpik. Belə olan şəraitdə dövlət özü inhisarçılığı stimullaşdırır. Əgər elan edilirsə ki, bu şirkət 1 milyon tondan çox məhsul istehsal edir, onda aidiyyatı qurumlar açıqlasınlar görək şirkət nə qədər vergi ödəyir. Bu şirkət hətta özüylə eyni sektorda çalışan şirkətlərə fiziki təzyiqlər də edir. 2012-ci ildən bu yana beynəlxalq reytinqlərdə iqtisadiyyatın dözümlülüyü, iqtisadi fəaliyyətin şəffaflığı ilə bağlı Azərbaycan geriləyib. Məhz bu tipli hegemon şirkətlərin sayəsində. Təbii ki, Vergilər Nazirliyi açıqlamalar verməlidir. Adi statistik rəqəmlərdə biz ziddiyyət görəndə maraqlanırıq. Vergilər nazirinin bəyanatını bölüşürəm, bu, həyəcan təbilidir və bir siqnaldır ki, bütün vergi ödəyiciləri qanun qarşısında bərabər olmalıdır. 

– Bəs niyə bərabər deyillər?
– Mən kiçik bir hesablama aparmışam ötən ilin rəqəmləri üzərində, məlum olur ki, ölkə üzrə bütün vergiödəyicilərinin 90 faizindən çoxunun birgə daxilolmalarında xüsusi çəkisi cəmi 4,8 faizdir. Təsəvvür edin, 500 mindən çox vergi ödəyicisi var və bunun 90 faizdən çoxu kiçik iaşə obyektidir, pərakəndə satış mərkəzidir. Biz hətta böyük marketlərdə alver edəndə kassa qəbzinə baxırıq və görürük ki, hansısa bir fiziki şəxsin adınadır. Məlum olur ki, hətta böyük şirkətlər belə müxtəlif işləri görmək üçün kiçik şirkətlər yaradır və nəticədə ƏDV-dən azad olmaq üçün dövriyyələr azaldılır. Ötən ilin göstəricilərində onların ödədiyi vergilərin ümumi həcmi 380 milyon manat idi. Bunu da böldükdə ayda 58 manat bir vergi ödəyicisinə vəsait düşür. Eyni zamanda bilirik ki, iri vergi ödəyiciləri var. "Azəriqaz”, "Azərişıq”, "Azərsu” və s. bu kimi iri vergi ödəyiciləri ödədiklərindən daha çox dövlət büdcəsindən dotasiya alırlar. Bütün investisiya layihələrinin böyük əksəriyyəti də, dövlətin, büdcənin dəstəyi də bu şirkətlərə olub. Bu mənada, bizdə demək olar ki, böyük şirkətlər vergidən yayınırlar. Ona görə də mən tövsiyə edərdim ki, Vergilər Nazirliyi əsas diqqəti bu böyük şirkətlərin üzərinə yönəltsin. Gürcüstan 2003-cü ildə kölgə iqtisadiyyatının həcminə görə dünyada 3-cü yerdə idi. Aparılan iqtisadi islahatlar, o cümlədən Dövlət Gömrük Komitəsinin, Sosial Müdafiə Fondunun ləğvi, maaşa sosial verginin tətbiqi, konvertdən imtina nəticəsində hazırda Gürcüstan 10 ən şəffaf ölkədən biridir. Bu gün mən əminliklə deyə bilərəm ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi ÜDM-in 80 faizindən çoxdur. Bunun azldılması üçün Gömrük Komitəsi ləğv edilməli, funksiyaları Vergilər Nazirliyinə verilməlidir. Son vaxtlar gömrükdə atılan az-çox müsbət addımlar da komitənin yox, Vergilər Nazirliyinin ayağına yazılmalıdır birmənalı olaraq. Ümumiyyətlə dünyanın heç bir yerində komitə adında dövlət qurumu yoxdur, xidmət şəklində var, amma komitə kimi yox. 

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->