Xəbər verdiyimiz kimi, Xocalının Fərrux kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ermənilər Rusiya sülhməramlıları ilə birgə sözügedən kəndin geri qaytarıldığı barədə məlumat yaysalar da, Müdafiə Nazirliyi dərhal Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini bəyan etdi. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.
Qaynarinfo Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ildə 22, 2019-cu ildə 23, 2020-ci ildə 20, 2021-ci ildə 18, 2022-ci ildə 5 nəfər yeni doğulan uşağa Fərrux adı qoyulub. Son 5 ildə 89 nəfərə, 2015-ci ildən 171 nəfərə bu ad verilib.
Fərrux sözünün mənası xoşbəxt, mübarək, uğurlu deməkdir. Sadə, fars mənşəli «fərrix» sözündən götürülüb.
Kənd haqqında:
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir. Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. Dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsinin əsasını Fərrux adlı şəxs qoyduğu üçün belə adlandırılması ehtimal edilir. Kəndin yaxınlığında Fərrux gölü də var.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak edib.
1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olublar. Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib. Ermənistan buna görə Azərbaycanı 10 Noyabr razılaşmasını pozmaqda ittiham etsə də, Azərbaycan tərəfi bunu rədd edərək burada mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını bildirib.
27 mart tarixində verilən rəsmi məlumata görə, Fərrux kəndi 26 martda Azərbaycan ordusunun tam nəzarəti altına keçib. Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.
Əhməd
Şərhlər