Avstraliyanın cənub-şərqində yerləşən səhrada uzanan sirli açıq rəngli zolaq uzun müddət alimlər üçün müəmmalı olaraq qalıb.
Qaynarinfo xəbər verir ki, futura-sciences.com nəşrinin yazdığına görə, nularbor düzənliyində (karst regionu) mağara girişlərini axtaran speleoloq "Google Earth” peyk görüntülərində təsadüfən kilometrlərlə uzanan açıq rəngli uzun zolaq aşkar edib. Bu maraqlı tapıntı qısa müddətdə tədqiqatçıların diqqətini cəlb edib və onlar bu izinin mənşəyini araşdırmağa başlayıblar.
Aparılan araşdırmalardan sonra sirr nəhayət açılıb: Sözügedən "çapıq” tornadonun izi olub. bunu həmin hadisələr üçün xarakterik olan sikloid formalı əyri izlər – tipik burulğan izləri təsdiqləyir.
Nularbor düzənliyində güclü tornadonun küləkləri yer səthini sanki yararaq uzunluğu 11 kilometr, eni isə təxminən 160–250 metr olan zolaq yaradıb.
Tədqiqatçılar peyk görüntülərini müqayisə edərək hadisənin tarixini də müəyyənləşdirə biliblər. "Journal of Southern Hemisphere Earth Systems Science” jurnalında dərc olunan məqaləyə əsasən, tornadonun 16–18 noyabr 2022-ci il tarixləri arasında baş verdiyi ehtimal olunur.
Alimlərin fikrincə, bu burulğan genişləndirilmiş Fudjita şkalasına görə ən azı EF2, bəlkə də EF3 gücündə olub. Əgər o, daha sıx məskunlaşmış ərazidən keçsəydi, ciddi dağıntılara səbəb ola bilərdi. Sahə tədqiqatları göstərib ki, tornado təxminən 10 dəqiqə davam edib, qərbdən şərqə doğru hərəkət edib və saat əqrəbi istiqamətində fırlanıb.
Aydın
Şərhlər