Azərbaycana gətiriləcək yeni avtobusların hansı istiqamətlərdə hərəkət edəcəyi hazırda ən aktual suallardan biridir.
Yeni gətirilən 300 avtobusun fəaliyyət göstərəcəyi marşrut xətləri müzakirə olunur. Bakının mərkəzi hissələrində təzə avtobuslar üstünlük təşkil etsə də, eyni mənzərəni Bakı kəndlərində və qəsəbələrdə görmək mümkün deyil. Sirr deyil ki, əksər Bakı kəndləri istiqamətində hələ də 10 il əvvəl gətirilən avtobuslar fəaliyyət göstərir. Bəs yeni gətirilən avtobusların ətraf kəndlər istiqamətində marşrutlara daxil edilməsi mümkün olacaqmı?
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yeni avtobusların Bakının şimal-şərq istiqamətində olan marşrut xətlərinə əlavə ediləcəyini deyib:
"Ölkə prezidentinin müvafiq sərəncamına əsasən ölkəyə 300 yeni avtobus gətirilib. Hazırda həmin avtobusların hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi müəyyənləşdirilir. Təbii ki, yeni avtobuslar ən çox şikayət olunan və ehtiyac olan ərazilərə veriləcək. Ehtimal olunur ki, avtobuslar Bakının şimal-şərqində yerləşən qəsəbələr üzrə hərəkət edəcək. Bunlara Qala, Pirallahı, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri aiddir. Yeni avtobusların hərəkət istiqaməti müəyyənləşən zaman yolun infrastrukturu nəzərə alınır. Bu təkcə yolun asfalt örtüklü olması ilə bitmir. Ola bilər ki, qəsəbə daxili də yol rahat və asfalt olsun. Amma avtobusun hərəkəti üçün uyğun olmasın”.
Mais Ağayev açıqlaması zamanı yeni avtobusların kart sistemi ilə işləyəcəyini vurğulayıb. Məlumdur ki, Bakı kəndlərinə yol haqqı ən azı 0.40 azn təşkil edir. Belə olan halda kartla bu ödəniş necə həyata keçiriləcək? Qurum rəsmisi bu barədə yaranmış suala da aydınlıq gətirib:
"Yeni avtobuslar kart sistemi ilə işləyəcək. Ümumiyyətlə, çalışırıq digər marşrut xətləri də kartla fəaliyyət göstərsin. Bakı kəndlərinə yeni təyin olunacaq avtobuslarda isə sərnişin getdiyi məsafədən asılı olaraq pul ödəyəcək. Bu məqsədlə həmin avtobuslarda giriş-çıxış ödəniş sistemi tətbiq ediləcək. Belə ki, sərnişinin kartında məsələn, 0.50 azn var və giriş zamanı onu yükləyibsə, düşdüyü ünvanda da avtobusun çıxışında olan qurğuya kartı yaxınlaşdıraraq artıq ödədiyi pulu geri ala biləcək”.
Mais Ağayev hazırda 12 metrlik avtobusların hərəkətə başlayacağını bildirib. O, növbəti mərhələdə isə 18 metrlik avtobusların marşrutlara əlavə ediləcəyini də qeyd edib.
Şərhlər