Xəbər lenti

Azərbaycanda türkiyəli iş adamına qarşı dələduzluq - Şok məbləğ
Ölkə 12:07 17.06.2021

Azərbaycanda türkiyəli iş adamına qarşı dələduzluq - Şok məbləğ

"Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin rəhbərinə qarşı 762000 ABŞ dolları məbləğində dələduzluq edilib.

Bu barədə Teleqraf.com-un redaksiyasına müraciət edən şirkətin rəhbəri Karakamçı Osman Mustafa oğlunun vəkili Teymur Baloğlanov bildirib.

O, qeyd edib ki, 5 ildən çox müddətdir hüquqlarını müdafiə etdiyi türkiyəli iş adımına qarşı dələduzluq edilib, amma qaldırılmış cinayət işi ilə bağlı nəticə yoxdur.

Vəkilin sözlərinə görə, dələduzluq faktı ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət edib. Vəkil həmin müraciətin bir nüsxəsini də redaksiyamıza təqdim edib.

Baş prokurora ünvanlanan müraciətdə deyilir: "Hüquqlarını müdafiə etdiyim Türkiyə Respublikasında fəaliyyət göstərən "Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkəti ilə Azərbaycan Respublikasının "A-Star Servis” MMC arasında Türkiyə vətəndaşı Mithat Dəmirin vasitəçiliyi ilə bağlanmış müqavilə əsasında əlvan metalların alınması nəzərdə tutulub.

Bu məqsədlə "Özgüvən Dış Ticarət Tel və Kablo Sanayi Limited” şirkətinin rəhbəri Karakamçı Osman Mustafa oğlu tərəfindən Mithat Dəmirə 11 iyun 2015-ci ildə 13200 ABŞ dolları, 16 iyun 2015-ci ildə isə 630000 ABŞ dolları məbləğındə pul göndərilib. Mithat Dəmirlə aparılan danışıqlara əsasən, həmin məbləğ "A-Star Servis” MMC-nin rəhbəri Ayaz Salahova verilib. Sonuncu isə həmin vəsaiti mənimsəyib. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməyib, zərərçəkmişə vurulmuş ziyan ödənməyib”.

Vəkil qeyd edib ki, şikayət əsasında Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3-cü (dələduzluq) maddəsinin əlamətləri ilə 150040821 saylı cinayət işi başlanıb: "Cinayət işi başlansa da, 5 il ərzində istintaqın başa çatdırılması təmin edilməyib. İş dəfələrlə bir neçə müstəntiqin icraatında olub. Hətta aidiyyət əsası ilə Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Daha sonra isə yenidən Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə qaytarılıb. Bir sözlə, süründürməçiliyə yol verilib.

Zərərçəkən hüquqi şəxs və onun rəhbəri Karakamçı Osman Msutafa oğlunun, eləcə də Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq iş üzrə məsuliyyət daşımalı olan şəxslər cəzadan yayındırılır, istintaqa məntiqi nəticə verilmir.

Bizə qardaş və dost ölkə olan Türkiyə Respublikasının iş adamlarına qarşı törədilmiş cinayətin cəzasız qalması, onların probleminə belə laqeyd münasibət göstərilməsi yolverilməzdir. Bu kimi hallar millətlər və ölkələr arası münasibətlərə xələl gətirir, qanunların aliliyinə, hüquq-mühafizə orqanlarımıza olan inamı sarsıdır”.

Teymur Baloğlanov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı törədilən dələduzluq faktı əslində korrupsiya xarakterli olduğu üçün cinayət işinin istintaqı daha peşəkar və səriştəli orqan olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılacağı halda öz məntiqi nəticəsini tapa bilər”.

Vəkil deyib ki, Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətdə ondan belə bir xahiş edib: "Məlumdur ki, bu kimi bir çox cinayət işlərinin istintaqı həmin qrumda müvəffəqiyyətlə başa çatdırılıb, cinayətkarlar layiqli cəzalarını alıb, vurulmuş ziyanın ödənilməsi təmin edilib. Qeyd olunanlara əsasən, süründürməçiliyə son qoymaq üçün 150040821 saylı cinayət işinin Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsindən alınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaqçılarına tapşırılmasına dair göstəriş verəsiniz. Cənab Baş prokuror, əminəm ki, sizin belə bir qərarınız səmərəsini verəcək”.

Teymur Baloğlanov bildirib ki, Baş Prokurorluqdan onun müraciətinə cavab verilib: "Cavabda qeyd olunub ki, bizim müraciətimiz araşdırılması üçün Bakı şəhər Prokurorunun müvaini Mobil Şəfiyevə göndərilib. Ümid edirəm ki, müraciətimiz ciddi araşdırılacaq, müsbət həllini tapacaq”.

Xatırladaq ki, hazırda cinayət işi Binəqədi rayon Polis İdarəsinin istintaq istintaq şöbəsinin müstəntiqi İlqar Həmidovun icraatında araşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->