Xəbər lenti

Azərbaycanlı döyüşçü UFC-də qüvvəsini sınayacaq
İdman 13:38 04.04.2019

Azərbaycanlı döyüşçü UFC-də qüvvəsini sınayacaq

Azərbaycanın və "Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov dünyanın ən nüfuzlu əlbəyaxa döyüş növləri üzrə UFC və Bellator versiyalarında qüvvəsini sınamaq imkanı qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə 34 yaşlı idmançı klubun rəsmi saytına açıqlamasında bildirib. O deyib ki, UFC və Bellator versiyaları üzrə döyüşlərin təşkilatçıları bütün göstəriciləri ilə maraqlanıblar. Abbasov hətta tibbi müayinədən keçdiyini də deyib: "UFC-da qüvvəmi sınayacağıma ümid edirəm. Çünki toplanışı izləyən menecerlər də mənim hazırlığımı bəyəndilər. Bu yarışa da Amerikada hazırlaşacağam”.

Artıq ABŞ-dakı təlim-məşq toplanışını başa vuran döyüşçü hazırlıq prosesi barədə də fikirlərini söyləyib: "Toplanış yaxşı keçdi. Buradakı iştirakım klubun meneceri və baş məşqçisinin dəvəti ilə gerçəkləşdi. Hazırlıq prosesində bir sıra tanınmış idmançılar da iştirak edirdi. 77 kq çəki dərəcəsində UFC versiyası üzrə çempion titulunun sahibi Kamaru Usman da onlar arasında idi. 70 kq və 81 kq kateqoriyalarında çıxış edən güclü idmançılar da toplanışa qatıldılar. ABŞ-dakı hazırlıq çərçivəsindəki məşq prosesi bizdən fərqlənmir. Amma orada sparrinq üçün sınaqçı rəqiblərin güclü olması böyük üstünlükdür. Həm də okeanın o tayında əl və ayaq texnikasına hesablanmış məşqlər də keçirilir”.

Abbasov yaxın müddətdə yenidən okeanın o tayına yollanacağını da vurğulayıb: "ABŞ-da daha bir hazırlıq prosesi olacaq. Bu toplanış 8 həftə, yəni 2 ay çəkəcək. Aprelin əvvəllərində növbəti toplanışın vaxtı dəqiqləşəcək. Yəqin ki, aprelin ortalarında orada olacağam”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->