Xəbər lenti

Azərbaycanlı gənc İranda necə itkin düşüb? - Təfərrüat açıqlandı, XİN araşdırmalara başladı (YENİLƏNİB)
Ölkə 15:14 09.03.2023

Azərbaycanlı gənc İranda necə itkin düşüb? - Təfərrüat açıqlandı, XİN araşdırmalara başladı (YENİLƏNİB)

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb.

Bu barədə "Report”a onun anası Dilarə Əskərova məlumat verib.

Fəridin anası bildirib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb:

"İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə iranlı həkim xanım təcrübə keçib və sonra ölkəsinə qayıdıb. İstanbulda da guya həmin xanımla görüşməli imiş. Oğlum İstanbula gedib, amma qız gəlməyib. O da ayın 20-si qızın dalınca İrana gedib".

"Martın 3-ü və ya 4-də dostlarına zəng edib ki, "kartım burda işləmədiyindən mənə geri-dönüş bileti alın”. Onlar da 5-dən 6-na keçən gecə üçün Tehran- Berlin-İstanbul bileti alıb. Lakin oğlum İrandan çıxmayıb. Martın 3-ü axşamdan telefonu sönüb. Heç bir sosial şəbəkədə yoxdur" - D.Əskərova əlavə edib.

Hadisə ilə əlaqəli rəsmi olaraq Azərbaycanın Almaniyadakı Səfirliyinə və ölkəmizin Xarici İşlər Nazirliyinə müraciət etdiyini deyən Dilarə Əskərova vurğulayıb ki, oğlu barədə hələ heç bir xəbər yoxdur:

D.Əskərova "Fərid Səfərlinin itkin düşməsi Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla əlaqəli ola bilərmi" sualına isə belə cavab verib: "Bu da bir ehtimal ola bilər. Amma ümumilikdə Fərid siyasət adamı deyil, İran əleyhinə heç bir paylaşımları da olmayıb”.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) isə "Report"un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar araşdırma aparılır, məlumat veriləcək.

11.52

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Səfərli Fərid Qabil oğlunun İranda itkin düşüb.

Bu barədə onun anası Əskərova Dilarə özünün "Facebook” profilində paylaşım edib.

O bildirib ki, oğlu fevralın 20-də İrana gedib və martın 4-də müəmmalı şəkildə yoxa çıxıb:

"Fərid ADA Universitetinin İqtisadiyyat fakültəsinin, eyni zamanda Friedrich-Schiller-Universität Jena Universitetinin BWL ixtisası üzrə magistr dərəcəli məzunudur. Bir müddət əvvəl İran vətəndaşı olan və kimliyi bizə bəlli olmayan, Jena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub, daha sonra İrana səfər edib. Fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. Bu barədə heç kimə məlumat vermədiyi üçün dəqiq məlumatımız yoxdur”.

Fərid Səfərlinin anası oğlunun İranda saxlanılmasını ehtimal etdiklərini vurğulayıb:

"5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə artıq araşdırma aparılır, məlumat veriləcək.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->