“Azərbaycan Türk dünyasının möhkəmlənməsində və birliyin daim güclənməsində maraqlıdır. Cənab Prezident özünün inauqurasiya mərasimində “Azərbaycanın yeri türk dünyasıdır” fikrini bildirmişdi. Vaxtaşırı Azərbaycanın paytaxtında Türk Dövlətləri Təşkilatının tədbirləri keçirilir. Həmin təşkilatın digər tədbirlərində də həm rəsmi, həm də ictimaiyyət nümayəndələri yaxından iştirak edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında deputat Aydın Mirzəzadə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən etdiyi çıxışa münasibət bildirərkən deyib.
“Biz bir kökdən, bir mədəniyyətdən, bir düşüncədən gəlirik. Ona görə də bizim bir yerdə olmağımız olduqca vacibdir. Həmçinin biz birlikdə güclüyük. Biz çətin gündə bir-birimizin yanında olmaqla, sevincli günlərdə sevincimizi bölüşməklə güclüyük”, – deyə millət vəkili əlavə edib.
Aydın Mirzəzadə Bakıda Türk Dövlətləri Təşkilatının tədbirlərinin keçirilməsinin əhəmiyyətini də vurğulayıb:

“Bakıda bu tədbirlərin keçirilməsi təşkilatın fəaliyyətinin vacibliyini, həmçinin Azərbaycanın bu təşkilatın güclənməsi üçün göstərdiyi səyləri nümayiş etdirir. Təşkilatın güclənməsi üçün Azərbaycan bütün imkanlardan istifadə edir. Bunun real nəticələrini görürük. Siyasi əməkdaşlıqdan başqa, bu gün iqtisadi, hərbi və hərbi-texniki əməkdaşlıq da güclənir. Qadın və gənclər təşkilatları arasında əlaqələr də ən yüksək səviyyəyə çatır”.
Deputat Azərbaycanın bundan sonra da türk dünyasının birliyinin güclənməsinə töhfə verəcəyini bildirib:
“Bundan sonra da bütün imkanlardan istifadə edərək Türk Dünyası Birliyinin güclənməsinə Azərbaycan öz töhfəsini verəcək. Bu məsələdə cənab Prezidentimizin səyləri təqdirəlayiqdir və o, Azərbaycan xalqının arzusunu yerinə yetirərək türk dünyasının güclü olması üçün həmişə mühüm addımlar atır”.
Günay İlqarqızı
Şərhlər