Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Welcome Challenge” Qonaqpərvərlik və Turizm Sənayesi üçün İnnovasiyalar üzrə Beynəlxalq Forum keçirilir.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Milli Turizm Administrasiyasının dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələri təmsil edən startap şirkətlər və investorlar iştirak edirlər.
Forumda çıxış edən Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze ölkədə turizmin inkişafına böyük önəmin verildiyini bildirib: "Gürcüstan dünyada turizmin ən sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır. Forum çərçivəsində turizm sahəsində innovvativ həllər və startaplar təqdim olunacaq. Gürcüstan innovasiya və startaplar üçün regional mərkəzə çevrilməkdədir. Forumun bütün iştirakçıları üçün faydalı və uğurlu olacağına inanıram”.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia isə turizmin ölkə iqtisadiyyatının əsas sektoru olduğunu deyib: "Gürcüstanda turizm sahəsində xidmətlərin keyfiyyətinin artırılması istiqamətində proqram hazırlanır. Həyata keçiriləcək layihələr çərçivəsində biz ölkəyə səfər edən turistlərə maksimum rahatlıq təqdim edə biləcəyik”.
Azərbaycanı beynəlxalq forumda "Appoll”, "Onbranch”, "Eco Solutions” və "Ticketsetup” startap layihələri təmsil edir.
"Onbranch” MMC-nin rəhbəri Elçin Əskərov jurnalistlərə açıqlamasında bildirib ki, forum çərçivəsində 15-ə yaxın ölkəni təmsil edən 21 startap layihə arasında yarışma keçiriləcək: "Yarışma zamanı startapçılar layihələri ilə bağlı üç dəqiqəlik təqdimatla çıxış edəcəklər və qalibi münsiflər heyəti müəyyən edəcək. Birinci yer üçün mükafat fondu 10 min dollar təşkil edir”.
E.Əskərov deyib ki, foruma qatılmağın əsas məqsədi Gürcüstanda "Onbranch” layihəsini inkişaf etdirmək, Tbilisi və Batumi şəhələrində olan məkanları layihəyə daxil etməkdir: "Forumda iştirakımız əlaqələr yaratmaq və startap layihəyə investorların cəlb olunması baxımından faydalı olacaq”.
Startapçılar arasında yarışmanın finalı oktyabrın 25-də keçiriləcək.
Şərhlər