YARAT Müasir İncəsənət Məkanı cari ilin 6-11 noyabr tarixlərində Bakının bir sıra sayılıb-seçilən məkanlarında keçiriləcək 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalını təqdim edir.
Ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə, bu festival, özündə müxtəlif teatr nümunələrini birləşdirir. Sözügedən tədbir öz əhatə dairəsini davamlı olaraq genişləndirir. Bu ilki festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim ediləcək.
Layihənin bədii rəhbəri Kamran Şahmərdanın sözlərinə görə, festivalın ikinci buraxılışı, "sərhədsiz teatr" konsepsiyasını gerçəkləşdirən geniş miqyaslı proqramı təqdim edir. O, festivalın incəsənət vasitəsilə sərhədləri silən, mədəniyyətləri birləşdirən və insanları bir araya gətirdiyini vurğulayır:
Biz, müxtəlif teatr formaları arasında sərhədləri aradan götürməklə, küçə performansları, opera və balet, audiovizual səhnə quruluşları və klounada daxil olmaqla, müasir teatrda istifadə edilən geniş üslub palitrasını nümayiş etdirmək istəyirik. Müxtəlifliyi ön plana çəkməklə, biz auditoriyaya azad seçim imkanı verəcəyik.
M.A.P. festivalı çərçivəsində Kamran Şahmərdan, Aleksandr Vampilovun eyni adlı pyesi əsasında hazırlanmış "Ördək ovu" tamaşasını da təqdim edir. XX əsrin rus dramaturgiyasının ən ziddiyyətli yazılarından birinin əsasında qurulmuş bu tamaşanın uğurlu premyerası bu ilin yaz aylarında, Estoniyanın "Vene" teatrında baş tutub.
Festival proqramının açılışı, İtaliyanın "NoQraviti" teatrının kollektivi tərəfindən hazırlanmış "Ariya" adlı multidisiplinar tamaşası ilə başlayır. Parlaq rəqslər, ifalar və kostyumların yer aldığı bu tamaşaya Monteverdi, Vivaldi və Perqolezinin musiqi əsərləri daxildir. Rəqqaslar, musiqiçilər və müğənnilərin hamısı, bir neçə artistik janrı birləşdirməklə, bu tamaşada bərabər səviyyədə mərkəzi rol oynayırlar.
Gənc və istedadlı Azərbaycan dirijoru Cavad Tağı-zadənin rəhbərliyi altında, Yozef Haydnın "Kimsəsiz ada" operasının müasir versiyasını təqdim edən əfsanəvi Mariinski teatrının çıxışı, festivalın ən gözlənilən tədbirlərinə aiddir. Həmçinin proqrama dünya şöhrətli rejissor və xoreoqraf Daniele Finzi Paskanın "La Verita" ("Həqiqət") akrobatik şousu və Moskvanın ən müasir teatr qurumlarından biri "Qoqol-mərkəz" tərəfindən, Nikolay Nekrasovun "Rusiyada yaşamaq kimə yaxşıdır" adlı məşhur poeması əsasında hazırlanmış yeni səhnə quruluşu daxildir.
Tamaşaları müşayiət edən zəngin ustad dərslər və mühazirələr proqramı, yeni fəaliyyətə başlayan rejissorlar, aktyorlar, dramaturqlar və digər peşəkarlarının öz həmkarları ilə görüşməyə və fikir mübadiləsi aparmağa imkan verəcək. Bu ilin ən parlaq tədbirləri arasında rusiyalı dramaturq və ssenarist Yuliya Tupikina tərəfindən "Pyes necə yazılır?" adlı ustad dərsi, rejissor, aktyor və musiqiçi Aleksandr Dzüba tərəfindən birgünlük intensiv ustad dərsi, "Çiten" teatrının rejissoru Motoi Miuranın yapon teatrı haqqında mühazirəsi, habelə, teatrşünas və tənqidçi Marina Davıdova ilə müasir teatr quruluşlarının təkamülündən bəhs edən müzakirə daxildir. "Merlin" Kukla teatrının təsisçiləri Dimitris Stamu və Demi Papada ən gənc tamaşaçılara öz işıq və kölgə yaradıcılıqları vasitəsilə "işıq ilə oyun" sənətini təqdim edəcəklər.
Azərbaycanın payız təqvimində əlamətdar yer tutan M.A.P. festivalı, teatrın Bakının mədəni həyatında öz əvvəlki nüfuzunun və əhəmiyyətinin qaytarılmasına dəvət edir. M.A.P. festivalı, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkətinin dəstəyi ilə təşkil ediləcək. Festivalla bağlı Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers bunları qeyd edib:
M.A.P. festivalı, Azərbaycanda incəsənətin inkişafına, habelə, bütün dünyada Azərbaycan incəsənətinin tanınmasına əhəmiyyətli töhfə verir. Bu, musiqi,incəsənət və performans ilə məşğul olan insanların öz əsərlərini beynəlxalq səviyyəli peşəkarlarla birgə nümayiş etdirməsi üçün unikal bir imkandır. Bakcell şirkəti, ilk ildən etibarən M.A.P festivalının baş sponsoru qismində çıxış edir. Milli telekommunikasiya operatoru olan Bakcell, Azərbaycanda musiqi və incəsənətin inkişafına töhfə verən layihələrin dəstəklənməsi öhdəliyinə daim sadiq qalır.
YARAT, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, ÜNS Yaradıcılıq Səhnəsi, Bakı Konqres Mərkəzi də daxil olmaqla, Bakının ən nüfuzlu teatr məkanları ilə sıx əməkdaşlıq edir.
M.A.P. festivalı, Pedro Qomes-Eqanyanın 9 noyabr 2018-ci il - 10 fevral 2019-cu il tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək "Xəzər rəsədxanası" adlı sərgisi ilə üst-üstə düşür.
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi
Şərhlər