Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır.
Nəqliyyat eksperti Elməddin Muradlı məsələnin həlli barədə Modern.az-a açıqlama verib.
Ekspert bildirib ki, Bakı-Sumqayıt yolundakı tıxac probleminin həlli ilə bağlı artıq dövlət başçısı tərəfindən göstəriş verilib.
"Həmçinin Avtomobil Yolları Agentliyi məlumat verib ki, bu yaxınlarda orda müəyyən işlər görüləcək. Mən bildiyimə görə ilin sonuna qədər Bakı-Sumqayıt yolunun; daha çox Xırdalan və "Şamaxinka” dairəsinin genişləndirilməsi ilə əlaqədar layihələr olacaq. Çünki tıxac yaradan əsas yerlər məhz həmin nöqtələrdir. Mənə elə gəlir ki, hər iki zonada Koroğlu metrostansiyası ətrafında gördüyümüz asma şaxələnmiş körpülərin, yol ötürücülərinin mini formasını yaratmaq, yəni buna bənzər bir sistem yaratmaq olar. Bu daha əlverişli ola bilər”.
Elməddin Muradlı qeyd edib ki, bu layihələr hazırlanarkən yalnız indini deyil, gələcəyi də düşünmək lazımdır.
"Çünki Azərbaycanda avtomobilləşmə getdikcə daha da artır və onların miqdarı artıqca tıxacların da sayı artır. Ona görə işləri bu gün üçün yox, gələcək üçün görmək lazımdır. Layihə hazırlanarkən iş elə görülməlidir ki, gələcəkdə yenidən yolların genişləndirilməsi kimi məsələlər ortaya çıxmasın. Düşünürəm ki, orda yeni infastruktur qurularkən təbii ki, köçürmə layihələri olacaq. Ordan bəzi obyektlərin plana düşməsi, sökülməsi qaçılmazdır. Çünki yolu genişləndirərkən yəqin ki, bir çox obyektlər plana düşəcək. Mənə elə gəlir ki, bundan sonra məmurlar da məsələyə ciddi yanaşmalıdır. Məsələn, yolun kənarlarındakı əraziləri insanlara satırlar, sonra da genişləndirmə prossesi aparanda kompensasiya vermək məsələləri ortaya çıxır”.
Şərhlər