Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarındakı ödənişlərin kart sisteminə keçməsi prosesinə start verilib Bunu
Qaynar.info-ya açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Hüseynov deyib.
N. Hüseynovun dediyinə görə, kartların istifadəsinə artıq başlanılıb. Bu, ilk olaraq 95 saylı marşrutda işə salınıb: "Fevral ayının sonuna qədər artıq 36 marşrutda bu sistem tətbiq olunacaq. Kartların satışı 80-ə yaxın yeni "Qasid" köşklərində həyata keçirilir. 1 kartın qiyməti 3 AZN-dir. Bunun 2 AZN-i kartın öz qiymətidir, 1 AZN isə kartın içindəki keçid balansıdır. Sərnişin istənilən vaxt kartı qaytara və həmin 2 AZN-i geri ala bilər. Kartı qaytarmaq istəyənlər "Bank of Azərbaycan" vasitəsi ilə bunu edə bilər. Kartı, həmçinin həmin bankın filiallarından da almaq olar. Kartın istifadəsi çox sadədir. Kart avtobusun qabaq qapılarında yerləşdirilən aparata yaxınlaşdırılır və sərnişin keçib oturur yerində".
Kartları olmayan sərnişinlərə gəlincə isə N. Hüseynov bildirdi ki, bir müddət hər iki sistem - həm kartla ödəniş, həm də nağd ödəniş sistemi fəaliyyət göstərəcək. Müəyyən müddətdən sonra nağd ödəniş ləğv olunacaq: "Kartlar beynəlxalq standartlara uyğun hazırlanıb. Bu kartlardan başqa ölkələrdə də istifadə etmək mümkün olacaq. Hazırda 450 min kart satışa buraxılıb. 1 milyon kart isə sifariş verilib, yaxında satışda olacaq".
Pərviz
Qaynar.info
Şərhlər