Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, şəhərsalma və memarlıq sahələrində müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş Prokurorluqla birgə yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında "Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.
"Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və ölkə prezidentinin 24 noyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nı rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan "Göstəriş” göndərilib. Eyni zamanda hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində "Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.
Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasınaşübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.
Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görülməsi təmin ediləcək.
Şərhlər