Bakıda 1 ədəd F-1 əl qumbarası aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Qaynarinfo-ya bildirilib ki, fevralın 22-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Bakı şəhər Xətai rayon Polis Idarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında agentliyin mütəxəssisləri tərəfindən 500 kv.m ərazi yerüstü, 20 kv.m ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Şərhlər