Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edilib.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, 07.12.2018-ci il tarixdə səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi "Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub.
Nəticədə, vət.M.Kərimov və mikroavtobusda olan sərnişinlər-Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı azyaşlılar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub.
Vət.M.Kərimov verdiyi ilkin ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib.
Lakin araşdırma zamanı müəyyən olunub ki, valideyinlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, vət.M.Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini 217 nömrəli tam orta məktəbə aparıb-gətirirmiş.
Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təhciz edilməyən, əsasən qəsəbə və məhəllə daxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan vət.M.Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.
Xüsusi texniki vasitələrlə qeydə alınan məlumatlara əsasən, "Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı mikroavtobusun respublika əhəmiyyətli avtomobil yollarında hərəkətdə olması aşkar edilməyib.
Vət.Mübariz Kərimov barəsində həbs qətimkan tədbiri seçilmiş, araşdırma aparılır.
BDYPİ baş vermiş bu yol-nəqliyyat hadisəsinə diqqət cəkməklə bir daha vətəndaşlarımıza xatırladır ki, özlərinin, övladlarının həyatını tanımadıqları, təsadüfü seçdikləri, təcrübəsiz insanlara, sürücülərə həvalə etməsinlər. Yuxarıda qeyd etdiyimiz hadisə bir daha deməyə əsas veriri ki, qəzaya düşən azyaşlıların valideyinlərinin Mübariz Kərimovu bir həmyerli kimi tanımaq və ya övladlarının taleyini həvalə etdikləri bu şəxs barədə məlumat almaq imkanları olub.
Lakin, yenə də həyat əhəmiyyətli bir məsələyə səhlənkar yanaşaraq övladlarını ilk baxışdan da normal texniki vəziyyətdə görünməyən, müvafiq tanınma nişanı ilə təhciz edilməyən və ən vacibi sürücülük hüququ olmayan şəxs tərəfindən idarə edilən nəqliyyat vasitəsində daşınmasına rəvac vermişlər.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər