Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edildiyi sex aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, qurumun əməkdaşları 1003 "Çağrı Mərkəzi”nə daxil olan şikayət əsasında sözügedən əraziyə baxış keçirib. Baxış zamanı fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Məlum olub ki, qəbul olunan xammal açıq havada - Günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur.
Müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində antisanitar şəraitin hökm sürdüyü, istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə saxlanıldığı məlum olub.
Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda, "Pimalac” antibiotikindən istifadə edildiyi aşkarlanıb.
Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Şərhlər