Xəbər lenti

Siyasət 11:49 11.06.2021

Bakının status məsələsindən yan keçməsi üçün geosiyasi mühit yaranır (TƏHLİL)

"Bu, Rusiya siyasətşünaslarının növbəti hiyləsidir və bilavasitə Kremlin geosiyasi maraqlarına xidmət edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markovun Qarabağ məsələsinə toxunarkən "Heç bir status olmadan mümkün deyil. Bu, adi vilayət də ola bilər. Ancaq bunun özü də artıq bir statusdur” fikrinə münasibət bildirərkən deyib: 



"Əslində Markov Kremlin dediyini deyir. Rusiya rəsmilərinin dilində artıq status məsələsi tez-tez səslənməyə başlayıb. Rusiya üçün Qarabağın statusu məsələsi cəhənnəmə getməyib, gündəmdədir. Moskva bu məsələni daim gündəmdə saxlamaqla Azərbaycanda özünün hərbi varlığını uzatmağı düşünür. Əslində Markovun dedikləri də buna hesablanıb”. 

Politoloqun fikrincə, Azərbaycan Qarabağ ermənilərinə hər hansı bir vilayət statusunu versə belə, rus qoşunları buradan çıxmaq istəməyəcək: 
"Onlar çətinliklə bura daxil olublar. Bunun ciddi fəsadlarını hələ yaşamalı olacağıq.  Ona görə də Azərbaycan heç bir status məsələsini gündəmə gətirməməli, onu müzakirə etməməlidir”. 

N. Miri düşünür ki, status məsələsini gündəmdən çıxarmaq üçün geosiyasi mühit də yaranmaqdadır. Bu da onun qənaətincə, ABŞ-ın bölgədəki proseslərə təsir imkanı əldə etmək üçün Bakı və Ankaranın bir çox şərtlərini qəbul etmək məcburiyyətində qalması ilə bağlıdır: 
"Buna gedərsə, ABŞ yenidən bölgədə varlığını təmin edə bilər. Çünki ABŞ-ın regionda geosiyasi marağını təmin edəcək iki ölkə varsa, bunlar Azərbaycan və Türkiyədir.  Zəif Ermənistana dəstək verməklə Vaşinqton bölgədəki marağını təmin edə bilməyəcək.  Ona görə də heç bir vilayət statusundan söhbət belə gedə bilməz”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?