Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qaynarinfo xəbər verir ki, Əzizov Eldar Əziz oğlu 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.
2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
1980-ci ildə "Şərəf nişanı”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib.
Ailəlidir, 2 övladı var.
Şərhlər