Bakı ziyalısı, 60 yaşlı Əbdül müəllim sentyabr ayında həyatının bəlkə də ən önəmli qərarını verdi. Bütün iş həyatı boyu "qara gün" üçün yığdığı pullarını çoxdan etibar etdiyi bankdan çıxardı və təzə tikilmiş binanın altından kiçik bir obyekt aldı. Dostları onun bu addımını bəyənmədilər: “A kişi, 15-20 il ömrün qalıb, pulun faizini xərcləsə idin daha məsləhət idi. İndi gərək dükana maya qoyasan, lazımi avadanlıqlar, sənədlər, icazələr alasan”. Əbdül müəllimin də öz arqumenti var: “İndi zəmantli əmanətlər üçün faizlər düşüb, 30 min manat üçün ildə 2700 manat ödəyirlər. İnanmıram ki, pensiya yaşında o məni görsün. Obyekt başqadır. Düzəldib ya özüm işlədəcəm, ya da uzağı kirayəyə verəcəm”.
ANS PRESS-in araşdırmasına görə, indi Azərbaycanda Əbdül müəllim kimi fikirləşənlər çoxalıb. Bunu Mərkəzi Bankın (AMB) sentyabr ayın üçün açıqladığı statistikadan da görmək mümkündür. Statisikaya görə, artıq üçüncü aydır ki, əhalinin banklara qoyduğu əmanətlər azalmaqda davam edir. Sentyabr ayında əhalinin banklara qoyduğu əmanətlər 33 milyon manat azalıb və 6 milyard 959,7 milyon manat təşkil edib.
Ümumiyyətlə, sentyabırda ölkə üzrə depozitlərin toplam miqdarı da azalıb. AMB-nin məlumatına görə, əgər 1 sentyabr 2014-cü il tarixinə depozitlər 10 milyard 174,6 milyon manat təşkil etmişdisə, artıq 1 oktyabr 2014-cü il tarixində bu göstərici 10 milyard 82,2 milyon manata düşüb. Yəni bir ay ərzində 92, 4 milyon manat azalma olub.
Göründüyü kimi, rəqəmlər əhalinin sektora inamının azalması barədə düşünməyə imkan verir. Bir çox ekspertlər gələcəkdə sığortalanmış əmanətlər üzrə faizlərin daha da düşəcəyini, nəticədə əhalinin banklara əmanət qoymağa meylinin daha da azalacağını düşünülər. AMB İdarə Heyətinin sədri Elman Rüstəmovun ölkənin 5-6 bankının bağlanağacı barədə dediyi sözlər də məsələni bir qədər dərinləşdirdi.
"Proqnozlara görə, beş-altı bank kapitallaşma üzrə tələbləri yerinə yetirmir", - deyə Rüstəmov vurğulayıb. O, sözügedən banklarla fərdi qaydada iş aparılacağını və onların fəaliyyətinin bundan sonrakı strategiyasının müəyyən ediləcəyini bildirib.
Düzdür, Rüstəmov bu banklardakı əmanətlərin payının çox aşağı olduğunu söylədyi. AMB sədri həm də həmin 6 bankdan ikisinin xarici bankların yerli filialı olduğunu vurğuladı. Amma bununla belə, 6 bank Azərbaycan üçün yetərincə önəmli rəqəmdir - ölkədə cəmi 44 bank var və say hesabı ilə bu, bankların 15%-ə qədərində problem olması deməkdir.
İqtisadçı ekspert Samir Əliyev, əslində, AMB-nin bu banklara qarşı çox dözümlü davrandığını bildirir. “2012-ci ildə bu banklara bildirilmişdi ki, 2013-cü ilin sonuna kimi nizamnamə kapitalını 50 milyon manat qaldırmaq lazımdır. 2013-cü ilin sonunda Mərkəzi Bank bu müddəti daha 1 il uzatdı. Əgər AMB o vaxt sərt davransaydı, 20-yə yaxın bank bağlanmış olardı. Hələ də 10-a qədər bank bu tələbi yerinə yetirə bilməyib. Düzdür, onların bəziləri yavaş-yavaş problemi həll edirlər. Amma proqnozlar göstərir ki, 5-6 bank bu problemi həll edə bilməyəcək”,- deyə Samir Əliyev ANS PRESS-ə bildirib.
Ekspertin fikrincə, həmin banklardakı sığortalanan əmanətlərin qaytarılmasında problem olmayacaq. “İstənilən halda, sığortalanan əmanətlər qaytarılacaq. Qalan əmanətlərin qaytarılması isə bankın maliyyə vəziyyətindən asılı olacaq”. Samir Əliyev düşünür ki, həmin bankların bağlanması zamanı sadə əmanətçilərin digər əmanətlərinin də qaytarılmasında problem olmaya bilər. Onun sözlərinə görə, hətta “Royalbank”ın bağlanması zamanı sadə əmanətçilərin vəsaitləri qaytarıldı: “Orada əmanətlərin 30 faizi sığortalanmışdı. Amma sonra məlum oldu ki, sığortalanmayan əmanətələr elə banka yaxın adamlara məxsusdur. Yəni orada təsadüfi insanlar az idi. Buna görə də həmin bankın bağlanmasının bank sektoruna zərbəsi elə də böyük olmadı”.
İqtisadçı ekspertin fikrincə, AMB-nin ölkədə bankların sayının azaldılması üzrə apardığı siyasət qaçılmazdır. “Azərbaycan üçün 44 bank həddindən çoxdur. Azərbaycan iqtisadiyyatı üçün təxminən 25 bank yetərlidir. Hazırda bank əməliyyatlarının 90%-i 25 bankın payına düşür. Yerdə qalan 19 bank isə 10% paya malikdir. Yerdə qalan banklar çox pis işləyir və mənim fikrimcə, onların bağlanması müsbət nəticə verəcək”, - deyən Samir Əliyevin fikrincə, bankların sayının azaldılması ölkə üzrə kredit dərəcələrini aşağı salacaq: “İndi hər bir bankın məhdud müştəri bazası var. Bu, bankları kreditlər üzrə dərəcələri artırmağa məcbur edir. Bu, xüsusilə regionlarda özünü göstərir. Orada fiiallar hamısı zərərlə işləyir. Yan-yana yerləşən filiallar məhdud müştəri kontingenti uğrunda mübarizə aparırlar”.
Samir Əliyev nəzərdə tutulan bankların bağlanması barədə xəbərlərin fonunda əhalinin banklara etibarının nisbətən azalmasını da istisna etmir. “İndi əhali bəzi bankların bağlanacağından ehtiyat edərək vəsaitləri banklardan çıxararaq əmlak bazarına yönəldir. Əmlak bazarında qiymətlərin davamlı artmasının da bunda rolu var. Amma müəyyən müddət keçdikdən sonra əmlak bazarında sabitləşmə və əks proseslər baş verəcək. Problemli banklar bağlandıqdan sonra bu sektorda da sabitləşmə yaranacaq. Nəticədə pullar yenidən əmlak bazarından çıxıraq bank sektoruna yönələcək”,- deyə iqtisadçı ekspert bildirir.
Makroiqtisadi vəziyyət baxımından iqtisadçı ekspertin dedikləri, təbii ki, ümidvericidir. Amma burada ümidsiz görünən bir nüans var. Əhali sabitləşən bank bazarında heç bir sığorta barədə düşünmədən əmanətlərini yüksək faizlə banklara yerləşdirməyə çalışır. Təbii ki, da ümumi əmanət payında sığortasız əmanətlərin payını artırır. Son 1-2 ildə bu göstərici 30%-dən 45%-ə qalxıb.
Təbii ki, bu işdə müştərinin böyük pullar qazanmaq istəyi ilə yanaşı bankların da əmanət qoymaq istəyənləri lazımi səviyyədə məlumatlandırmaması da rol oynayır. Mərkəzi Bank rəsmiləri məhz bu amili nəzərdə tutaraq əhali arasında geniş maarifləndirmə işi aparmalıdır.
Qaynar.info
Şərhlər