"İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası” təsdiq edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, ixtira, faydalı model və sənaye nümunələri barədə məlumatların dövlət reyestrinə daxil edilməsi, reyestrdə dəyişikliklərin aparılması və patentin dublikatının verilməsi ilə bağlı məsələləri tənzimləyir.
Azərbaycan Respublikasının ixtira, faydalı model və sənaye nümunəsinin Dövlət reyestri (bundan sonra – Reyestr) həmin obyektlərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi barədə məlumatların daxil olduğu rəsmi sənəddir. Reyestr Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılır.
Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.
Elektron reyestrin formalaşdırılması, tərtib edilməsi və inteqrasiyasına dair bu Qaydada nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.
Elektron Reyestrin digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Reyestr Azərbaycan Respublikasının dövlətin formasiya ehtiyatıdır.
Qərara əsasən, Reyestrdə dəyişikliklərin edilməsi üçün "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizə ilə birlikdə Agentliyə təqdim edildikdən sonra 15 iş günündən gec olmayaraq, Reyestrdə müvafiq dəyişikliklər edilir.
Reyestrdə dəyişikliklərin edilməsi üçün tələb olunan dövlət rusumu "ASAN ödəniş” sistemi üzərindən ödənildikdən sonra Qanunun tələbləri nəzərə alınmaqla patent sahibi və ya onun vərəsəsi (hüquqi varisi), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsi elektron sistem vasitəsilə Agentliyə müraciət edə bilər. Bu halda Reyestrdə dəyişikliklərin edilməsi barədə müraciət Agentliyə daxil olduqdan sonra 3 (üç) iş günü müddətində dəyişikliklərə dair məlumatlar elektron daşıyıcıda tərtib olunan Reyestrə daxil edilir.
Reyestrdə dəyişikliklərin aparılması üçün Agentliyə təqdim olunan məlumatların dürüst, dəqiq və tam olmasına görə məsuliyyət patent sahibinin və ya onun vərəsəsinin (hüquqi varisinin), yaxud etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin üzərinə düşür.
Patentdə aşkar edilmiş səhvlər Agentlikdə patentin yazılmasına və rəsmiləşdirilməsinə cavabdeh olan işçinin və ya ekspertizanın səhvi üzündən baş verdikdə, Reyestrdə dəyişikliklərin edilməsi üçün dövlət rüsumu ödənilmir.
Patentin əsli itirildikdə və ya korlandıqda (zədələndikdə) patent sahibinin əsaslandırılmış vəsatəti əsasında dövlət rüsumu ödəməsi şərtilə ona patentin dublikatı verilir.
Patentin əsli itirildikdə, bu barədə patent sahibinin ərizəsi əsasında Agentliyin rəsmi bülletenində elan dərc olunur.
Reyestrə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.
Reyestrin aparılması ilə bağlı bu Qaydada nəzərdə tutulmayan digər məsələlər Qanuna uyğun olaraq tənzimlənir.
Şərhlər