İdman 19:10 23.05.2022

"Bavariya" təcrübəli qapıçısı ilə bağlı qərar verdi

"Bavariya"nın kapitanı Manuel Noyer klubda qalıb.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Alman qapıçı Münhen təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 36 yaşlı qolkiperin müqaviləsi bu mövsüm başa çatırdı. Ancaq klub onunla daha 2 il yola davam etməyə qərar verdi.

"Şalke"nin yetirməsi olan Noyer 2011-ci ilin yayında 30 milyon avroya "Bavariya"ya keçmişdi.

Almaniya millisinin də formasını 109 dəfə geyinən Noyer "Bavariya”da keçirdiyi 11 mövsümdə 10 dəfə liqa çempionu olub. Noyer həmçinin 2 dəfə Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku və UEFA Super Kubokunun, 6 dəfə Almaniya Superkubokunun qalibi olub.

Noyer klubda qazandığı 28 kubokla yanaşı, 2011 və 2014-cü illərdə ölkəsində ilin oyunçusu seçilib.

Səbuhi Həsənov