Xəbər lenti

Dünya 13:56 25.01.2021

Bayden güclü Türkiyəni qoyub, erməniləri müdafiə edəcəkmi? (ŞƏRH)

ABŞ-ın ənənəvi siyasətindən fərqli xətt yürüdən Donald Trampı demokrat Co Baydenin əvəz etməsi dünya ölkələrinin gözünün Vaşinqtona dikilməsinə səbəb olub. Yeni ABŞ administrasiyasının Çin, Rusiya, İran və Türkiyə ilə münasibətlərdə hansı xətt tutacağını, xüsusilə Rusiyaya qarşı necə davranacağı ciddi maraq mövzusudur. Həmçinin, müharibədən yeni çıxan Azərbaycan üçün Bayden administrasiyasının regionda hansı siyasət aparacağı da xüsusi əhəmiyyət kəsb edir. Çünki Bayden administrasiyasında 2 erməni mənşəli şəxsi olması narahatlığa səbəb olub.

Qaynarinfo xəbər verir ki, politoloqlar ABŞ-ın xarici siyasətində ciddi dəyişiklik olmayacağı fikrindədirlər. Xüsusi ilə Türkiyə və Azərbaycanla münasibətlərin inkişaf etdiriləcəyini proqnozlaşdırırlar. Siyasi analitik Nazim Cəfərsoy hesab edir ki, Rusiyanı hədəf alan Bayden administrasiyasının həm Turkiyə, həm də Azərbaycana təzyiq siyasəti aparacağı məntiqli olmaz: 



Birincisi, Rusiya, Türkiyə, Azərbaycan kimi ölkələrlə problem yaşama siqnalları verən Bayden administrasiyası Əfqanıstandaki hərbi gücünə lojistik dəstəyi hardan aparacaq? Hələ nəzərə alaq ki, Pakistan da Türkiyə və Azərbaycanla ənənəvi yaxşı münasibətləri ilə yanaşı, son illər Çinlə ciddi münasibətləri inkişaf etdirib. Üstəlik, Əfqanıstanda Pakistan və Türkiyənin çox ciddi təsir imkanları var. ABŞ-ın İranla mövcud münasibətləri də hamıya məlumdur. Mərkəzi Asiyadaki hansi Türk dövləti Əfqanıstan barədə Rusiya və Türkiyəyə, hətta Çinə rəğmən bunu edər? 

İkincisi, Rusiyanı hədəf alan Bayden administrasiyası həm Turkiyə, həm də Azərbaycana təzyiq siyasəti aparsa, Avrasyada Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını daha da təşviq etməzmi? Üstəlik Rusiyaya təzyiqin ən mühüm cəbhələrindən biri Qafqaz regionudur. Burada mövcud geosiyasi mənzərəni Rusiya əleyhinə dəyişə biləcək regional aktyorlar isə Türkiyə ilə Azərbaycan və onların Ermənistanla münasibətləri olacaq. Hələ Rusiyadan başqa Çin də region üçün yeni  fürsətlər marağındadır. Bu çərçivədə 907-ci düzəlişi yenidən aktivləşdirmə mövzusu mənə məntiqli gəlmir. Maddi baxımdan o düzəlişin bizim üçün mənası yox kimidir, siyasi baxımdan isə ABŞ-Azərbaycan münasibətlərində hər iki tərəfin zərərinə olacaq riskləri yaradar. Xüsusilə Fransa təcrübəsindən sonra ABŞ-ın Azərbaycanla münasibətləri pozacaq bu həmləni etməsi ağıllıca deyil. Yeni administrasiyanın daha ilk günlərdən bu cür açıqlamalar verməsi mənə diplomatiya taktikası kimi gəlir. 

Digər tərəfdən AB-dən çıxan Böyük Britaniyanın Türkiyə və Azərbaycanla əməkdaşlığı yeni istiqamətlər qazanır. Almaniyanın Rusiya ilə əməkdaşlığı məlumdur. Ən son Merkel ABŞ-ın "Şimal axını”na dair mövqeyinə qarşı çıxdı. Fransanın da ABŞ-a bu coğrafiyada nə dəstək verəcəyi məlum deyil. Qaldı ki, yetərincə iddialı olduğu Orta Şərq və Qafqazda zərbə üstünə zərbə alan Fransaya daha zəif olduğu bütün Avrasiyada güvənmək nə qədər doğru olar? 
Həm bu mənzərələr, həm də beynəlxalq münasibətlərin dəyişən qlobal dinamiklərinə baxanda Bayden administrasiyasının tək rəngli və neqativ yüklü bir Rusiya, Türkiyə və Azərbaycan siyasəti aparacağını düşünmək real deyil.

Bu şərtlərdə ABŞ verdiyi ilkin mesajlara uyğun olaraq hər 3 ölkəni hədəfə alarsa, Avrasiyada ciddi zərbə alar. Avrasiyada ciddi zərbə almaq ABŞ-ın Pasifikdəki imkanları və qlobal liderliyi üçün də ciddi problemlər deməkdir”.

Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, ermənilərin Baydenə olan ümidləri əbəsdir. Çünki güclü Türkiyəyə rəğmən, Ağ Evin yeni sahibinin ermənipərəst siyasət aparacağı inandırıcı deyil: 

"Baydenin dövlət katibi postuna namizədi Entoni Blinken dedi ki, Türkiyə ilə müttəfiqik, amma özünü rəqib kimi aparır. Bu o deməkdir ki, Türkiyə ilə müttəfiqik, amma sözümüzə baxmır. Axı niyə sənin sözünə baxmalıdır? Sən ideal siyasət yürüdürsən? Xarici siyasətində nöqsanlar, kobud xətalar göz qarşısındadır. Türkiyə böyük, qədim, öz ənənəsi və maraqları olan dövlətdir. Səninlə müttəfiqdir, sən də ona hörmətlə yanaş, maraqlarını nəzərə al. Bu halda Türkiyə də sənə sadiq olsun. Türkiyə ABŞ-la razılaşmanın şərtlərini irəli sürür. Ehtimal edirəm ki, Vaşinqton Türkiyə ilə dil tapmağa çalışacaq və buna məcburdur. Türkiyə böyük dövlətdir, nüfuzu və hərbi gücü var. Üstəlik, mədəni, dini, əxlaqi, bəşəri potensialı olan ölkədir. Həmçinin, NATO-nun Rusiya ilə üz-üzə duran xəttinin cənub cinahında ən güclü oyunçu Türkiyədir. NATO Türkiyəsiz heç nə edə bilməz. Bunu da hamı anlayır. Fransa-Türkiyə qarşıdurmasında kim geri çəkildi? Fransa. Niyə? Çünki Türkiyə güclüdür. Fransanın atom bombasına kimdir baxan... Bütün hallarda Türkiyə Fransadan güclüdür. Bu mənada əminəm ki, ABŞ Türkiyə ilə ortaq məxrəcə gələcək. Yalnız ermənilər yatıb yuxularında görürlər ki, ABŞ Türkiyəyə düşmən olacaq. Belə bir məsələ yoxdur. ABŞ-da NATO-nun ən qüdrətli ikinci ordusu olan Türkiyənin əhəmiyyətini çox gözəl anlayırlar”.

Zərdüşt Əlizadənin fikrincə, ermənilər köklü maraqları üçün düşünməlidir və xarici siyasətçilərə ümid etməməlidir:  

"Tarix boyu öz taleyini böyük ağaların istəyinə bağlı quran xalqın siyasətçiləri hər zaman düşünür ki, görəsən ağa hansı addımı atacaq, bəlkə ağanın masasından bir qırıntı da bizə atdılar. Siz oturub köklü maraqlarınız haqqında düşünün. Köklü maraqlarınız da sizdən tələb edir ki, qonşularınızla mehriban münasibətlər qurasınız. Amma siz qarşınıza çata bilməyəcəyiniz məqsədlər qoyanda, böyük dövlətlərdən asılı olmağa başlayırsınız və onların şıltaqlığından asılı qalırsınız. Ermənilərin Baydenlə bağlı ümidləri mənasızdır. Çünki nəzəri baxımdan yanlış xarici siyasət aparırlar. Onların milli ideologiyası çox yanlış və uğursuzdur. Məncə, onların milli ideologiyası elə olmalıdır ki, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və İranla dost olsunlar. Siz Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürsünüz, Azərbaycan ərazilərini işğal etmisiniz, viran qoymusunuz. Üstəlik də deyirsiniz ki, Azərbaycan niyə bizə münasibətdə pisdir? Azərbaycan gəlib sənə medal verməlidir ki, ərazilərimin böyük hissəsini viran qoymusan? Bu adamların beyinləri işləmir, məntiqləri yoxdur. Bu xalqın içində məntiqli, düzgün düşünən insanlar var, amma çox azdır…”

Orxan Əhmədli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?