Xəbər verdiyimiz kimi, Aqşin Yeniseyin müalicəsi iki gündür ki, Mərkəzi Gömrük Hospitalında aparılır.
Bu gün şairlə əlaqə saxlayıb səhhəti və müalicəsinin gedişiylə maraqlandıq. Şair 1937.az-a bunları deyib:
“Səhhətimdə müsbətə doğru xeyli irəliləyiş var, gün keçdikcə özümü daha da yaxşı hiss edirəm. Mərkəzi Gömrük Xəstəxanasına köçürüldükdən sonra psixoloji olaraq da rahalıq tapmışam. Çünki burada hər cür şərait yaradılıb, müalicə prosesi də çox yüksək səviyyədədir. Bura digər xəstəxanalardan dəfələrlə yaxşıdır. İndi əvvəlki günlərə nisbətən rahatlıq tapmışam.
Qarnımda yığılmış suya görə bir az narahatlıq var idi, suyu çəkirlər deyə, o narahatlıq da yavaş-yavaş yox olur. Sistemlər köçürülür, qaraciyərimi yuyurlar. Əgər belə sürətlə irəliləyiş olsa, yəqin ki, beş-altı günə buradan çıxacağam. Bundan sonra iynə-dərman yazacaqlar, evdə müalicə almağa davam edəcəyəm. Mən gözləyirdim ki, qaraciyərimə görə əməliyyat olunum, ancaq yaxşı ki, vəziyyətim əməliyyat həddinə çatmayıb. Bayaq baş həkim gəlmişdi. Demə, o özü də mənim oxucum imiş.
Məni görən kimi başladı danlamağa ki, sənin burda nə işin var? Arada gəlib mənimlə zarafatlaşır. Analizlərdən sonra həkim özü də mənə dedi ki, qanımda olan zəhərlənmə də xeyli azalıb. Sarılığım da yavaş-yavaş çəkilir, demək olar ki, artıq yoxa çıxıb. Diqqət göstərən bütün oxuculara, dostlara minnətdarlığımı bildirirəm. Ancaq indi istirahət etməliyəm deyə, telefon zənglərinin hamısına cavab verə bilmirəm. Tibb bacıları da dedi ki, telefonla mümkün qədər az danışmalıyam. Buradan çıxandan sonra mənə dəstək olan insanlara bir yazı həsr edəcəyəm”.
Qaynar.info
Şərhlər