İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən nümayişlər zamanı 12-si uşaq olmaqla, ən az 304 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatın açıqlamasında qeyd olunub. Təşkilatın Yaxın Şərq və Şimali Afrika Araşdırma və Müdafiə direktoru Filip Luther İran rejiminin kütlə arasında qorxu yaymaq məqsədilə təzyiq göstərdiyini deyib.
"İran rəsmiləri bu qəddar təzyiqləri davam etdirmək yerinə qanunsuz yerə həbs olunanları dərhal və şərtsiz sərbəst buraxmalıdır", - deyə o, bildirib.
Təşkilatın yaydığı məlumatda qeyd olunur ki, ölümlərin çoxu əliyalın nümayişçilərə odlu silahdan atəş açılması nəticəsində baş verib. Açıqlamada həmçinin minlərlə insanın həbs edildiyi, bunlar arasında azyaşlıları da olduğu bildirilib. Saxlanılan şəxslərə işgəncə verildiyi, onların qərargah və məktəblərdə saxlanıldığı deyilir.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatının dekabrın 2-də yaydığı açıqlamada ölü sayının 208 nəfər olduğu bildirilmiş, rəsmi Tehran isə məlumatın yanlış olduğunu açıqlamışdı.
Çingiz
Şərhlər