İngilis və isveçli tədqiqatçılar beynin mərkəzində yerləşən epifiz vəzinin 500 milyon il əvvəl həqiqi "işıq görən göz” funksiyasına malik olduğunu ortaya qoyub. Yuxu rejimini tənzimləyən bu kiçik strukturun mənşəyi biologiya kitablarının yenidən yazılmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, Sussex Universitetindən nevroloq professor Tomas Badenin rəhbərlik etdiyi komanda "Current Biology” jurnalında dərc olunan araşdırmada yeni laboratoriya təcrübələri aparmaq əvəzinə mövcud genetik məlumatları və ibtidai canlıların (lamprey və balıqlar kimi) anatomik qeydlərini analiz edib.
Nəticələr göstərir ki, epifiz vəzi qədim dövrlərdə işığı birbaşa hiss edən bir orqan olub.
Kölgəyə çəkilən əcdadlar və itirilmiş gözlər
Təxminən 500 milyon il əvvəl ilkin onurğalı əcdadlarımız qaranlıq və çamurlu mühitlərə uyğunlaşaraq yeraltı həyat tərzinə keçib. Bu proses zamanı başın yanlarında yerləşən gözlər funksiyasını itirməyə başlayıb.
Tədqiqatçılar "birləşmiş ata mərkəzi göz” adlandırılan strukturun həmin dövrdə əsas rol oynadığını bildirir. Bu orqan istiqamət müəyyənləşdirmək, işıq və qaranlığı ayırd etmək və gündəlik ritmi tənzimləmək üçün istifadə olunub.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri epifiz vəzi ilə göz arasındakı əlaqənin yenidən izahıdır. Əvvəllər bu strukturların ayrı-ayrılıqda inkişaf etdiyi düşünülürdü, lakin yeni məlumatlar onların ortaq bir mənşədən gəldiyini göstərir.
Yəni retinanın (gözün işığı hiss edən hissəsi) kökləri çox daha qədimdir və ilkin "mərkəzi göz” strukturuna dayanır.
Sirkadiyan ritm və bioloji saat
Bu gün epifiz vəzi artıq birbaşa işıq görmür, lakin gözlərdən gələn siqnallar vasitəsilə orqanizmin bioloji saatını idarə etməyə davam edir. Qaranlıq düşdükdə melatonin hormonu ifraz edərək yuxu siqnalı verir.
Bu sistem yuxu keyfiyyətindən immun sisteminə, bədən temperaturundan əhval-ruhiyyəyə qədər bir çox funksiyaya təsir edir.
Təkamül izləri bu gün də qalır
Bəzi canlılar bu qədim strukturu daha açıq şəkildə qoruyub saxlayıb. Yeni Zelandiyaya məxsus tuatara sürünəni başının üzərində "üçüncü göz” adlanan xüsusi bir orqana sahibdir. Bu orqan real görüntü yaratmasa da, işıq dəyişikliklərini hiss edərək davranış ritmini tənzimləyir.
Mifologiya ilə elm arasında
Epifiz vəzi müxtəlif mədəniyyətlərdə mistik mənalarla da əlaqələndirilib. Hinduizm və yoqa ənənələrində bu struktur "Ajna çakra” ilə, yəni intuisiya və daxili idrak mərkəzi ilə eyniləşdirilir.
Müasir elm bu metaforik yanaşmaları təsdiqləməsə də, 500 milyon illik təkamül keçmişinə sahib bir strukturun insan biologiyasında mühüm rol oynaması diqqətçəkici olaraq qalır.
Aydın
Şərhlər