COVID-19 infeksiyası orqanizmdə uzun müddət passiv vəziyyətdə qalan bəzi virusları yenidən aktivləşdirə bilər. Alimlərin fikrincə, bu proses xəstəliyin daha ağır keçməsi və uzunmüddətli COVID simptomlarının bir hissəsi ilə əlaqəli ola bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
ABŞ-nin Texas Universitetinin tədqiqatçıları 2021-ci ilin ortalarınadək COVID-19-un ağır forması ilə xəstəxanaya yerləşdirilmiş 1154 nəfəri müşahidə ediblər. Bir il ərzində onların qan və burun yaxması nümunələri analiz olunaraq SARS-CoV-2 infeksiyası zamanı hansı virusların aktivləşdiyi araşdırılıb.
Nəticələr göstərib ki, pasiyentlərin təxminən yarısında əvvəllər gizli vəziyyətdə olan ən azı bir virus yenidən aktivləşib. Ən çox rast gəlinən viruslar "Epşteyn–Barr" virusu (EBV), sitomeqalovirus (CMV) və anelloviruslar olub.
Araşdırmaya əsasən, müxtəlif viruslar xəstəliyin fərqli mərhələlərində aktivləşib. "Epşteyn–Barr" virusu daha çox xəstəxanaya yerləşdirmə dövründə aşkarlanıb, sitomeqalovirus isə bir neçə həftə sonra daha fəal şəkildə özünü göstərməyə başlayıb. Bu viruslardan hər hansı birinin aktivləşməsi COVID-19-un ilk həftələrdə daha ağır keçməsi ilə əlaqələndirilib.
Alimlər həmçinin virusların yenidən aktivləşməsi ilə uzunmüddətli COVID simptomları arasındakı əlaqəni də araşdırıblar. Əvvəlki bəzi tədqiqatlardan fərqli olaraq, onlar "Epşteyn–Barr" virusu ilə uzunmüddətli fəsadlar arasında inandırıcı əlaqə aşkar etməyiblər. Bunun əvəzində anellovirusların aktivləşməsinin güclü yorğunluq və digər davamlı fiziki əlamətlərlə əlaqəli olduğu müəyyən edilib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr aktivləşmiş virusların COVID-19-un ağır gedişinə və ya uzunmüddətli COVID-ə birbaşa səbəb olduğunu sübut etmir. Bununla belə, bu virusların infeksiya zamanı immun sisteminin fəaliyyətinin pozulmasında mühüm rol oynaya biləcəyi ehtimal olunur.
Alimlər növbəti mərhələdə belə virusların yenidən aktivləşməsini boğan antiviral preparatların COVID-19-un uzunmüddətli ağırlaşmaları riskini azalda bilib-bilməyəcəyini araşdırmağı planlaşdırırlar.
Aydın
Şərhlər